Musa Quliyev: “İpotekadan əlavə sosial evlər layihəsi olmalıdır”

Musa Quliyev: “İpotekadan əlavə sosial evlər layihəsi olmalıdır”

2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 80,21 mln. manat təşkil edib. Lakin ipoteka kreditlərinin verilməsinə baxmayaraq, bu bir çox insanları qane etmir. SİA- ya açıqlama verən Musa Quliyev qeyd edib ki, ipotekanın şərtlərinin dəyişdirilməsi və yüngülləşdirilməsi barədə Milli Məclisdə müzakirələr davam edir: "Sosial ipotekanın həcminin dövlət başçısının sərəncamına əsasən artırılmasına baxmayaraq, həm sosial ipoteka, həm də ümumi şərtlərlə verilən ipotekanın məbləği aşağı salınmalıdır. Verilən ipotekada faiz dərəcələri digər ölkələrin bu sahə üzrə faiz dərəcələri ilə müqayisə edilməli və uyğun rəqəm təyin olunmalıdır".

Millət vəkili bildirib ki, bu sahədə əsas istiqamətlərdən biri də sosial evlərin tikilməsi və həmin mənzillərin ehtiyacı olan vətəndaşlara verilməsidir: "Bu evləri dövlət və ya özəl şirkətlər tikib, vətəndaşlara xüsusi güzəştlərlə verə bilər. Bir sözlə, sosial evlər müqavilə şərtlərinə uyğun olan vətəndaşlara faizsiz verilməlidir. Dünya təcrübəsində belə bir praktikadan istifadə edilib. Ən çox gənc ailələrin bu evlərə ehtiyacı olduğu nəzərə çarpır. İpotekadan əlavə sosial evlər layihəsi olmalı, İslam Bankı kimi az faizlə kredit verən banklar fəaliyyət göstərməli və İpoteka Fondu öz fəaliyyətini genişləndirməlidir. Hesab edirəm ki, ipoteka kreditlərinin faiz dərəcəsi vətəndaşların büdcələrinə uyğun olaraq hesablanmalıdır".

Qeyd edək ki, kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Verilən kreditin maksimum həcmi 50 min manat təşkil edir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir və illik faiz dərəcəsi maksimum 4 faizdir.

Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə