Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatı

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatı

Noyabrın 6-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ölkəmizdə səfərdə olan Gürcüstan Respublikasının kənd təsərrüfatı naziri Şalva Pipiyanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev vurğulayıb ki, Azərbaycan və Gürcüstanı hələ qədim zamanlardan dostluq və qardaşlıq münasibətləri birləşdirir; ildən-ilə bu münasibətlər daha da dərinləşir və regionda həyata keçirilən birgə layihələr bunun bariz nümunəsidir. Gürcüstan və Azərbaycanın iki dost, qardaş və tərəfdaş ölkələr kimi uğurlu inkişaf yolu ilə sürətlə irəlilədiklərini bildirən komitə sədri, eyni zamanda, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaranıb formalaşmasındakı müstəsna xidmətlərini xatırladıb, dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün ölkədə həyata keçirilən quruculuq və inkişaf proseslərinin önəmindən bəhs edib.

DGK sədri A.Əliyev regionda neft-qaz kəmərlərinin çəkilişi və enerji təhlükəsizliyi məsələlərinin həllinin, məhz Azərbaycan və Gürcüstanın birgə səyləri nəticəsində mümkün olduğunu, o cümlədən, nəqliyyat məsələlərinin həllində də böyük işlər görüldüyünü bildirib və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsini tarixi hadisə kimi qiymətləndirib.

İki qonşu ölkənin ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən, aqrar sferada uğurlu inkişafından məmnunluqla söhbət açan komitə sədri əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib, Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcminin də ildən-ilə artdığını sevindirici hal kimi dəyərləndirib.

DGK sədri A.Əliyev bildirib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, gömrük müstəvisində də qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir və müsbət məcrada inkişaf edən bu münasibətlərin davamlılığının təmin olunması zəruridir.

Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkür edən Gürcüstan Respublikasının kənd təsərrüfatı naziri Şalva Pipiya Azərbaycana səfərindən və Bakı şəhərinin timsalında ölkədə görülən böyük işlərdən məmnunluğunu bildirib. İki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan qonaq, yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, tərəflər Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı məhsullarının ixracı zamanı sərhəd keçid məntəqələrində yarana biləcək problemlərin yerindəcə həlli, bu istiqamətdə birgə səylərin artırılması, həyata keçiriləcək konkret tədbirlərlə bağlı məsələləri müzakirə ediblər.

Görüşdə, həmçinin, Gürcüstan Respublikası Maliyyə Nazirliyinin Gəlirlər İdarəsinin rəhbəri Georgi Bubuteşvili və Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə