"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə (KOİCA) birgə həyata keçirdiyi "Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll: Abşeron yarımadasının Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yaradılması" layihəsinin icrası davam etdirilir. "Azərsu" ASC-dən SİA-ya verilən məlumata görə, icrasına cari ilin mayında başlanmış yeni layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Kürdəxanı qəsəbəsində 30 minə yaxın insanın su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanıb.
Koreya hökumətinin ayırdığı 26 milyon dollar qrant hesabına həyata keçirilən layihəyə əsasən, Kürdəxanı qəsəbəsində müxtəlif diametrli polietilen borularla 90 km-ə yaxın içməli su xətti çəkiləcək, 3600-dən çox ünvana birləşmə veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq. Bundan başqa qəsəbədə 417 yanğın hidrantının quraşdırılması nəzərdə tutulur.
Layihənin icrasına başlanandan ötən dövr ərzində qəsəbədaxili su şəbəkəsinin 19 km-lik hissəsi çəkilib, 400-dək ünvana birləşmə verilib. Layihə üzrə işlərin 2014-cü ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
İlkin mərhələdə qəsəbəyə içməli su mövcud Ceyranbatan-Maştağa magistral xəttindən veriləcək. Gələcəkdə qəsəbə yaxınlığında hər birinin tutumu 4000 kubmetr olan 2 ədəd su anbarı tikiləcək və bu anbarlar Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı kəmərindən qidalanacaq.
Layihə çərçivəsində 3,8 km uzunluğunda kanalizasiya kollektorunun və 1,4 km uzunluğunda mikrotunelin inşası da nəzərdə tutulur.
Bundan başqa, Azərbaycan hökumətinin vəsaiti hesabına qəsəbə ərazisində 77,3 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq. Toplanacaq tullantı suları gələcəkdə Pirşağı qəsəbəsi yaxınlığında tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənərək kənarlaşdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB