Bu gün Gəncədə İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan və Türkiyə tərəfdən müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edib. Biznes forumda çıxış edən AZPROMO-nun vitse-prezidenti Vidadi Quliyev Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət və qazanılan uğurlar barədə məlumat verərək, ölkəmizdə həyata keçirilən genişmiqyaslı inkişaf və quruculuq proseslərinə xarici tərəfdaşlar tərəfindən də böyük maraq göstərildiyini bildirib. Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan Vidadi Quliyev Türkiyənin müxtəlif dövlət qurumları ilə iqtisadi, regional, sahibkarlığın inkişafı və s. sahələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib: "Hazırda Azərbaycanda bir çox sahələrdə türk şirkətləri, eləcə də Türkiyədə Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərirlər. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yeri tutur. Azərbaycanda və xarici ölkələrdə təşkil edilən konfrans, sərgi və biznes forumlar ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır".
Vidadi Quliyev Azərbaycan-Türkiyə biznes forumunun, forum çərçivəsində iş adamları arasında keçirilən ikitərəfli görüşlərin ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına, iş adamları arasında işgüzar əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini qeyd edib.
Türkiyə İxracatçılar Məclisinin Avrasiya üzrə koordinatoru Zəfər Ünüvar iki qardaş ölkənin iştirakı ilə növbəti biznes forumun Gəncə şəhərində keçirilməsindən məmnunluğunu ifadə edib, biznes forumun Azərbaycan-Türkiyə dostluğunun və əməkdaşlığının daha bir nümunəsi olduğunu qeyd edib. Regionun inkişafında Azərbaycanın rolunu yüksək qiymətləndirən Zəfər Ünüvar ölkəmizdəki sürətli iqtisadi inkişafı böyük maraqla izlədiyini qeyd edib, Türkiyə iqtisadiyyatı, Azərbaycanla mövcud iqtisadi əlaqələrin daha da genişlənməsi imkanları barədə məlumat verib.
AZPROMO-nun Biznes Məlumat Mərkəzinin direktoru Anar Qasımlı Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib. Tədbir çərçivəsində Türkiyə İxracatçılar Məclisinin fəaliyyətinə dair videoçarx da nümayiş olunub. Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB