Banklarda "açıq qapı" günləri keçiriləcək

Banklarda "açıq qapı" günləri keçiriləcək

Bu gün Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi "31 oktyabr – Beynəlxalq Əmanətlər Günü"nə həsr olunan mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, konfransda çıxış edən Mərkəzi Bank yanında Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru Vüqar Əhmədov Beynəlxalq Əmanətlər Günü ilə bağlı noyabr ayında Azərbaycanda fəaliyyət göstərən 9 bankın "açıq qapı" günləri keçirəcəklərini deyib: "Açıq qapı günlərində banklarda nümayəndələr tərəfindən əmanətlərin mahiyyəti, onların iqtisadiyyatdakı rolu barədə məlumatlar veriləcək".

Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin İnkişaf departamentinin direktoru Asif Cahangirov isə bildirib ki, paytaxt Bakıda və regionlarda Beynəlxalq Əmanətlər Günü ilə əlaqədar olaraq bir sıra tədbirlər keçiriləcək: "Tədbirlərimizdə hədəf qrupu məktəblilər və gənc ailələrdir. Burada əsas məqsəd əhalinin maliyyə savadlılığının artırılmasıdır. Çünki maliyyə savadlılığı olmasa ölkənin sosiallaşması mümkün deyil. Əməkdaşlarımız regionlar üzrə 11, Bakı şəhəri üzrə 15 məktəbdə maliyyə savadlılığının artırılması mövzusunda məruzələr edəcək, müxtəlif viktorinalar keçirəcəklər".

Qeyd edək ki, ötən il Beynəlxalq Əmanətlər Günü çərçivəsində keçirilən tədbirlərə ölkədə fəaliyyət göstərən 4 bank iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə