ÜDM artaraq 42,7 milyard manata çatıb

ÜDM artaraq 42,7 milyard manata çatıb

2013-cü ilin yanvar-sentyabr ayları ərzində ölkədə istehsal edilən ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 42,7 milyard manata çatıb, onun əhalinin hər nəfərinə düşən həcmi 4,1 faiz artaraq 4606,7 manat (5871,4 ABŞ dolları) təşkil edib. Dövlət Statistina Komitəsindən SİA-ya verilən məlumata görə, ÜDM-in 63,6 faizi istehsal sahələrində, o cümlədən 46,5 faizi sənayedə, 11,3 faizi tikintidə, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda istehsal olunmuş, 29,9 faizi isə xidmət sahələrinin payına düşüb.

Xidmət sektorunda əlavə dəyər istehsalının 23,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7 faizi informasiya və rabitə xidmətləri göstərən sahələr, 44,5 faizi isə sosial və digər xidmət sahələri tərəfindən təmin edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5 faizini təşkil edib.
Qeyri-neft sektorunda istehsal olunan əlavə dəyər əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artıb, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 52,1 faizdən 55,9 faizədək yüksəlib. Ümumi daxili məhsulun 44,1 faizi neft-qaz sektorunun payına düşüb və əvvəlki ilin səviyyəsində qalıb.

Cari ilin doqquz ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə tikintidə əlavə dəyər 30,0 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində 18,8 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,6 faiz, informasiya və rabitə xidmətlərində 7,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,9 faiz, nəqliyyat və anbar təsərrüfatında 4,9 faiz, sosial və digər xidmət sahələrində 3,9 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə