Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasın gündəliyinə salınan məsələlər barədə ətraflı məlumat verən komitə sədri Ziyad Səmədzadə bildirib ki, bugünkü iclasda 5 məsələ müzakirə ediləcək. Onun sözlərinə görə, müzakirə olunan məsələlər aşağıdakılardır: "Sığorta fəaliyyəti haqqında", "Hərbi qulluqçuların icbari sığortası" haqqında qanun layihələrinə dəyişikliklərin edilməsi, Mülki Məcəllədə dəyişikliklər, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" və İnzabi Xətalar Məcəlləsində dəyişiklərin edilməsi.
Komitə sədri bildirib ki, Azərbaycanda sığorta bazarı son 10 il ərzində yüksək nailiyyətlər əldə edilib: "Sığorta bazarına həm daxili, həm də xarici amillərin təsiri var. Bu amillərin ana xəttini də müsbət dəyişikliklər təşkil edir. Azərbaycanda 2020-ci ildə sığorta haqqlarının 1 milyard manata çatdırılmasını təmin edəcəyik. Artıq ÜDM-də 1 faiz artım təşkil edəcək".
Maliyyə nazirliyinin Dövlət Sığorta Nəzarəti İdarəsinin müdiri Namiq Xəlilov çıxışında bildirib ki, bu ilin 9 ayı ərzində sığorta bazarında təxminən 16-17 faiz artım müşahidə olunub: "Adambaşına düşən sığorta haqqlarının məbləği bu il üçün 40 manatı keçəcəyi praqnozlaşdırılır. İcbari sığortaların bazara təsiri icbari sığorta növləri ilə bağlı deyil. İcbari sığortalar könüllü sığortaların inkişafına da müəyyən təkan verir. İcbari sığorta haqqında qanun layihəsinin qəbulu Azərbaycanda sığorta bazarının inkişafına təkan verəcək. Təklif vermişik ki, bədbəxt hadisə nəticəsində ailə üzvünü itirən şəxsin ailə üzvündə əmək qabiliyyəti olmayan birinin olmasına baxmayaraq, yenə də ailə ölən şəxsin 1 illik əmək haqqı miqdarında müavinət alsın".
Xəlilov qeyd edib ki, hazırlanan yeni sığorta normativ-hüquqi aktları ilə aktuari fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur: "Qanunvericiliyə edilən dəyişikliklərdən sonra Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri öz sığorta məhsullarını internetlə də sata biləcəklər. Bu da Azərbaycanda bir yenilik olacaq"
N.Xəlilovun sözlərinə görə, Mülki Məcəlləyə edilməsi təklif olunan dəyişikliklər nəticəsində sığorta ödənişlərinin həyata keçirilməsi prosesləri daha da asanlaşacaq: "Bütövlükdə, təklif olunan hər 5 qanun layihəsi sığorta olunanlara daha keyfiyyətli sığorta xidmətlərinin göstərilməsinə gətirib çıxaracaq. Bundan başqa, sığorta olunanlarla sığorta şirkətləri arasındakı problemlər tam aradan qaldıracaq və ölkədə sığortaya etibar artıracaq. Bu da Azərbaycanda sığorta bazarının inkişafına gətirib çıxaracaq".
İclasda çıxış edən millət vəkil Əli Məsimli isə təklif edib ki, bu qanun layihələrində kənd təsərrüfatı məhsulları və kənd təsərrüfatı sahəsinin sığortalanması ilə bağlı aspektlər də öz əksini tapsın: "Azərbaycanın Şəki-Zaqatalada zonasında baş verən son zəlzələ sübut edib ki, heç bir sığorta şirkəti ziyan çəkmiş sakinlərə sığorta ödənişi aparmayıb və bütün məsuliyyəti Azərbaycan dövləti öz üzərinə götürüb. Bütün dünyada kənd təsərrüfatı sahəsi dotasiya ilə saxlanılır. Bu səbəbdən də Azərbaycanda kənd təsərrüfatının sığortalanmasına daha böyük önəm vermək lazımdır".
Komitə sədri Ziyad Səmədzadə vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, icbari sığorta qanunvericiliyinə əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbarı sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 10 manat miqdarında, vəzifəli şəxslər 60 manatdan 80 manatadək, hüquqi şəxslər 150 manatadək cərimə ediləcək. Bununla yanaşı, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanuna əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilən fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1500 manat, hüquqi şəxslər isə 5000 manat miqdarında cərimə edilir. Dəyişikliklər sığorta olunanlar və sığortalılarınhüquqlarının qorunması ilə əlaqədar inzibati məsuliyyətin gücləndirilməsi məqsədi ilə edilir.
Qeyd edək ki, bugünkü iclasın gündəliyə daxil edilən 5 məsələyə dəyişikliklərin edilməsi üçün Milli Məclisin plenar iclasına tövsiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB