Azərbaycanın MHŞT-yə qoşulmasının 10 illiyi qeyd olunub

Azərbaycanın MHŞT-yə qoşulmasının 10 illiyi qeyd olunub

Bu gün Bakıda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) təşəbbüsü ilə Azərbaycanın Mineral Ehtiyatların Hasilatı ilə Məşğul Olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə (MHŞT) qoşulmasının 10 illiyi münasibətilə "Azərbaycan Mədən Hasilatı üzrə Şəffaflıq Təşkilatı daxilində 10 il. Tarixdən yeni pilləyə" adlı beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfransın təşkilində məqsəd son dövrlər MHŞT ətrafında baş verən qlobal dəyişikliklər və müzakirələri gündəmə çıxarmaq, yeni MHŞT standartına keçidlə bağlı çətinlik və perspektivləri müzakirə etmək, onun geniş inkişafına təkan verməkdən ibarətdir.

ARDNF-ın icraçı direktoru Şahmar Mövsümov tədbirdə çıxışında bildirib ki, son 10 ildə Azərbaycanın Mədən Hasilatı Şəffaflığı sahəsində ciddi uğurlar əldə olunub: "Azərbaycan 2003-cü ildə ilk olaraq Londonda bu prosesə qoşulub və pilot ölkə olaraq üzərinə MHŞT üzrə öhdəliyi götürüb. Ümumilikdə isə deyə bilərəm ki, bu sahədə Azərbaycan böyük yol qət edib".

Bu uğurların əldə olunmasının əsas səbəbinin Azərbaycanın istəyinin olduğunu deyən rəsmi qeyd edib ki, digər istək isə özəl neft şirkətlərinin və vətəndaş cəmiyyətinin yaxından iştirak etmək təşəbbüsüdür: "2005-ci ildə ilk hesabatını təqdim edən Azərbaycan bu günədək 17 hesabat açıqlayıb və MHŞT-ni tətbiq edən ölkələr arasında ən çox hesabat dərc edən ölkədir. Azərbaycanın hər iki ildən bir seçilən MHŞT üzrə beynəlxalq İdarə Heyətinin üzvləri sırasına daxil edilməsi ölkənin MHŞT-nin tətbiqində aparıcı rolunu bir daha sübut edir".

Konfrans zamanı Sidneydə keçirilmiş MHŞT üzrə 6-cı Qlobal konfransda qəbul edilmiş MHŞT üzrə yeni standart və onun tətbiqi ilə bağlı məsələ ətrafında geniş müzakirələr aparılıb. Bu standart bütün üzv ölkələrdə MHŞT prosesinin tətbiqini tənzimləyən əsas sənəd rolunu oynayır və öncəki illərdə qəbul edilmiş tənzimləyici sənədləri əvəz edəcək.

Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasının hökumət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri, beynəlxalq təşkilatların, neft-qaz hasilatı sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil xarici ekspertlərin iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə