2015-ci ilin sonunda Bakının rəqəmsal kadastr xəritəsi yaradılacaq
Bakı şəhərinin Suraxanı və Sabunçu rayonlarında daşınmaz əmlakın kadastrı işləri yekunlaşmaq üzrədir. Əmlak Məsələləri Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, şəhərin tarixində ilk dəfə olaraq, 2015-ci ilin sonuna Bakının müasir tələblərə cavab verən, şəhər təsərrüfatının idarəçiliyinə tam yararlı, aktual məlumat bazasını özündə ehtiva edəcək daşınmaz əmlakın kadastrı tərtib ediləcək, ərazinin rəqəmsal kadastr xəritəsi yaradılacaq.
Bu işlərlə paralel olaraq, 2014-cü ilin əvvəlinə respublikanın 53 rayon mərkəzinin, eyni zamanda onlara bitişik böyük qəsəbə və kəndlərin ərazisində (100 min hektar ərazi) sadə modelli elektron kadastr məlumat bazası yaradılacaq, bu ərazilərin rəqəmsal kadastr xəritələri tərtib ediləcək.
2013-cü ilin oktyabrında Gəncə şəhərinin və Şəki rayonunun sistematik ölçmələrlə həyata keçiriləcək kadastr layihələrinin tərtibinə başlanılacaq. 2 il 6 ay ərzində bu iki ərazi subyekti üçün əmlak idarəçiliyində istifadə olunan bütün məlumatları özündə ehtiva edəcək elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsi hazırlanacaq. Komitə tərəfindən aparılan kadastr işləri, eyni zamanda, ölkədə həyata keçirilən genişmiqyaslı layihələrə texniki dəstək xarakteri daşıyır.
Son illərdə komitə 100-ə yaxın irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə kadastr işi ilə dəstək verib. Dünya təcrübəsinə əsasən, kadastr ilə bağlı ölçmə işlərinə özəl qurumlar, fərdi kadastr mühəndisləri də cəlb edilir. Ölkə prezidentinin 27 iyul 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qaydaları"na əsasən komitə tərəfindən özəl qurumların cəlb edilməsi ilə bağlı qaydalar təsdiq olunub və onların müsabiqə yolu ilə seçilməsi nəzərdə tutulub. Bu müsabiqənin aparılması üçün də hazırlıq işləri görülüb. Müsabiqə iştirakçılarının nəzəri biliklərini qiymətləndirmək üçün məntiq, informatika, geodeziya, kartoqrafiya, fotoqrammetiya, daşınmaz əmlakın kadastrı, ünvan reyestri, daşınmaz əmlak üzərində hüquqların qeydiyyat sahələri ilə bağlı "Test Bankı" yaradılıb. "Mütəxəssis bankı"na daxil olacaq mühəndislərin bilik və bacarıqlarının daim artırılması üçün komitə tərəfindən xüsusi treninqlər, seminarlar təşkil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB