2019-cu ildə Azərbaycan öz qazını Avropaya çıxartmaq istəyir

İlham Şaban: “Rosneft”-lə ARDNŞ-in təmaslığı istənilən halda ölkəmizə müsbət dividentlər gətirəcək”
2019-cu ildə Azərbaycan öz qazını Avropaya çıxartmaq istəyir

İqtisadçı İlham Şabanın SİA-ya müsahibəsi

- İlham müəllim, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə "Rosneft" arasında müqavilə imzalandı. Bu müqavilənin ölkəmiz üçün iqtisadi marağının təmin olunması baxımından əhəmiyyətini necə şərh edərdiniz?

- İlk öncə onu qeyd etmək istərdim ki, bu müqavilələr hələlik çərçivə rolunda çıxış edir. Çünki Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) fəaliyyəti çərçivəsində xarici şirkətlərlə təmasını bu şəkildə qurur, yəni əvvəl çərçivə müqavilə imzalanır, sonra isə ekspertlər bunun üzərində işləyir və daha sonra hər iki tərəfin komersiya baxımınmdan maraqlarını təmin edəcək şərtlər uyğunlaşdırılır. "Rosneft"lə ARDNŞ arasında imzalanan əməkdaşlıq haqqında sənəd müxtəlif çoxşaxəli sferaları əhatə edir. Müqavilənin həyata keçirilmə mexanizmi artıq birgə müəsisə formasında olacaq. Rusiyanın energetika naziri Aleksandr Novak mətbuata açıqlamasında qeyd edib ki, "bu müqavilə paritet əsasdır". Yəni, razılıq əldə edilən hər bir layihə üzrə 50/50-yə birgə müəssə yaradılacaq və ona əsasən də şərtlər həyata keçiriləcək. Dünyanın ən nüfuzlu aparıcı neft şirkətlərindən olan "Rosneft"-lə ARDNŞ-in təmaslığı istənilən halda ölkəmizə müsbət dividentlər gətirəcək.

- Avropanın enerji təhlükəsizliyində Azərbaycan-Rusiya əməkdaşlığı nə dərəcədə avropalıları qane edə bilər?

- Yaxın 10 il ərzində Avropanı ən çox düşündürən məsələ özlərinin enerji təhlükəsizliyinin diverfikasiyasıdır. Əvvəllər onlar bir neçə bazara bağlı idilərsə, artıq yeni-yeni bazarlardan öz ölkələrinə enerji məhsullarının idxalını uzunmüddətli, stabil, təhlükəsiz olaraq həyata keçirtmək Avropada bir strategiyaya çevrilib. Azərbaycanla Avropa Birliyinin hazırki təmasları da məhz bu strategiyaya əsaslanır. Bakı-Tbilisi-Ceyhan nef layihəsi uğurla həyata keçirilir və stabil olaraq neft nəql edilir. 2019-cu ildə Azərbaycan öz qazını Avropaya çıxartmaq istəyir. Ancaq nəzərə alsaq ki, neftdən fərqli olaraq qazı tankerlərlə daşımaq mümkün deyil və bunun üçün böyük, maliyyə baxımından bahalı infrastruktur layihələri gerçəkləşdirmək gərəkdir. Xəzər dənizindən başlayaraq Mərkəzi Avropaya öz qazını nəql edəcək ölkəmiz Avropanın enerji təhlükəsizliyində yeni qapı açmış olacaq.

- Dünya iqtisadiyyatında maliyyə böhranının hələ də davam etdiyini nəzərə alsaq imzalanan iqtisadi müqavilələr, xaricə neft-qaz ixracatı və digər ixrac-idxal əməliyyatlarının Azərbaycana iqtisadi təsiri nə dərəcədədir?

- Təbii ki, Azərbaycanda prespektivli yataqlar çoxdur. Misal olaraq, "Şahdəniz -2" , "Abşeron" layihəsini göstərə bilərik. BP şirkətinin imzaladığı, 2015-ci ildə reallaşacaq "Şəfəq-Asiman" qaz layihələri umumilikdə az risk tələb edən layihələrdir. Məsələn, Qərbdə elə layihələr var ki, külli miqdarda vəsait yatırırlar və onun müqabilində də dövlətin xeyir əmsalı təqribən 15% olur. Ancaq Azərbaycan tipli ölkələrdə dövlətin xeyir əmsalı təqribən 45-50%-dir. Onun üçün də Azərbaycan investorlar üçün çox cəlbedici bir məkandır. Yaxın 5 il ərzində Azərbaycanın neft-qaz sektoru üçün təxminən 60 milyard dollar investisya yatırılması gözlənilir. Azərbaycan dünyanın yaxın 50 il üçün prespektiv enerji bazarı ilə öz əlaqələrini strateji bir səviyyəyə gətirib çıxaracaq.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə