Çin şirkətləri smartfon bazarının 1/5 hissəsinə nəzarət edir

Çin şirkətləri smartfon bazarının 1/5 hissəsinə nəzarət edir

"Canalys" müstəqil analitik şirkəti 2013-cü ilin ikinci rübü üzrə dünya smartfon bazarının 50 ölkəsini əhatə edən son hesabatını açıqlayıb. Mütəxəssislərin məlumatına görə, 2013-cü ilin aprel-iyununda dünyada 238,1 milyon smartfon tədarük edilib ki, bu da bir il əvvəldən 50 faiz çoxdur. SİA-nın xəbərinə görə, liderlər "Samsung" və "Apple" tədarük həcmini müvafiq olaraq 55 və 20 faiz artırsalar da, onların bazar payı Çin şirkətləri "Lenovo", "Yulong", "Huawei", "ZTE" və "Xiaomi"nin təzyiqi nəticəsində azalıb. Pul vahidinə nisbətdə bu istehsalçılar ümumi smartfon bazarının 20 faizinə nəzarət edirlər, halbuki bu göstərici bir il əvvəl 15 faizə bərabər olub.

Ekspertlər "Apple"-ın bazar payının son 4 ildə ən aşağı səviyyəyə enməsinə diqqət yetirirlər, halbuki şirkətin tədarükü ötən illərin ucuz modelləri sayəsində artmaqda davam edir. Belə ki, "Canalys" mütəxəssislərinin qiymətləndirməsinə görə, Çində "Apple" aparıcı smartfon istehsalçıları siyahısında yeddinci yerə enib. Rübün yekunları üzrə Çinə 4,3 milyon "iPhone" tədarük edildiyi halda 2 ildir fəaliyyət göstərən gənc yerli istehsalçı "Xiaomi" 4,4 milyon smartfon istehsal edib. Bu, Çin şirkətinə "Apple"-ı üstələməyə imkan verib.

Çin bazarının lideri ötən rübdə satışa 15,5 milyon smartfon çıxararaq 17,6 faizlik bazar payı əldə edən "Samsung" şirkəti olaraq qalır. İkinci yerdə "Lenovo" (12,3 faiz), üçüncüdə "Yulong" (12,2 faiz) şirkətləri qərarlaşıb. Ölkədə "Apple"-ın payı 4,8 faiz təşkil edir. Çində smartfonlar bazarının rüblük həcmi 88,1 milyon qiymətləndirilib ki, bu da dünya göstəricisinin üçdə bir hissəsinə uyğundur. ABŞ-da istehsalçılar 32,9 milyon telefon istehsal ediblər. Hindistan ölkələrin bu siyahısında 9 milyon ədəd telefon istehsal etməklə üçüncü yerə yüksəlməyə nail olub.

Bütün xəbərlər Facebook səhifəmizdə