Qərib Məmmədov: "Geoməkan məlumatlarının idarəolunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi zamanın tələbidir" MÜSAHİBƏ FOTOLAR
Geoməkan məlumatlarının idarəolunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiq edilməsi zamanın tələbidir
Müsahibimiz Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovdur
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Birləşmiş Millətlər Təşkilatının Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin Böyük Britaniyanın Kembric şəhərində keçirilən Üçüncü Sessiyasında iştirak etmişdir. Qeyd etmək lazımdır ki, səksən beş il tarixi olan bu yüksək səviyyəli tədbirdə Azərbaycan ilk dəfə idi ki, iştirak edirdi. Birləşmiş Krallıqda keçirilən həmin tədbirlərdə müzakirə olunan mövzular, qəbul olunmuş qərarlar və ümumiyyətlə geoməkan məlumatlarının idarəolunması sahəsində aparılan işlərlə bağlı ölkəmizi təmsil etmiş nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovdan suallarımızı cavablandırmasını xahiş etdik.
- Qərib müəllim, Böyük Britaniyada təşkil olunmuş hansı tədbirlərə qatıldınız?
- Bildiyiniz kimi, Komitə Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaq ehtiyatlarından səmərəli istifadənin təşkili, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq-vətəndaş münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Bundan başqa Komitə qanunvericilikdə müəyyən edilmiş qaydada torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının təşkili üçün texniki sənədləri hazırlayır, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin layihələşdirilməsini və nəşrini təmin edir.
Bütün bunlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini ölkəmizdə geoməkan məlumatlarının idarəolunmasına məsul orqan kimi xarakterizə edir.
Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə müəyyənləşdirilmiş və onun siyasi məktəbinin ən layiqli davamçışı olaraq cənab Prezident İlham Əliyev tərəfindən ugurla davam etdirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan Respublikası Cənubi Qafqaz geosiyasi məkanında surətlə regional liderdən qlobal əməkdaşlıq müstəvisində əhəmiyyətli mövqeyə malik ölkəyə çevrilməkdədir. Bu faktor digər sahələrdə olduğu kimi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin fəaliyyət istiqamətində də beynəlxalq əməkdaşlıq üçün geniş üfüqlər açır. Yaranmış imkanlardan istifadə edərək Komitə bir sıra beynəlxalq təşkilatlar və qurumlarla yüksək səviyyədə əməkdaşlıq edir.
Böyük Britanitiyanın Kembric şəhərində də bizim fəaliyyətində yaxından iştirak etdiyimiz Birləşmiş Millətlər Təşkilatının Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin Üçüncü Sessiyası keçirilmişdir. Bu dəfə Sessiya milli xəritəçəkmə və kadastr təşkilatları üçün 21-24 iyul 2013-cü il tarixlərində baş tutmuş Kembric Konfransından dərhal sonra keçirilmişdir. 1928-ci ildən etibarən keçirilən bu mötəbər tədbir yalnız dəvətnamə ilə iştirakı nəzərdə tutur və strateji müzakirələrin aparıldığı məkan kimi xarakterizə olunur.. Hər iki tədbirdə ölkəmizi mənim rəhbərlik etdiyim nümayəndə heyəti təmsil edirdi. Nümayəndə heyətinin tərkibinə Komitənin İnformasiya texnologiyaları sektorunun müdiri Cavid Abdullayev və Komitənin tabeliyində olan Dövlət Aerogeodeziya Müəssisəsinin direktoru Elçin Məhərrəmov daxil idi.
- Hörmətli Qərib müəllim, Kembric Konfransının bu dəfəki mövzusu nə idi? Hansı istiqamətlərdə müzakirələr aparırdınız?
- Birləşmiş Millətlər Təşkilatının Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin Üçüncü Sessiyası ilə eyni vaxta təsadüf etdiyindən seçilən mövzu da spesifik xarakter daşıyırdı. "İnformasiyaya coğrafi səlahiyyətliliyin gətirilməsi" devizi altında keçirilən builki Konfrans iştirakçıların sayının çoxluğu ilə digərlərindən əhəmiyyətli şəkildə fərqlənirdi. Konfransda 60-dan artıq millətin, bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının aidiyyatı bölmələrinin rəhbərlərinin çıxışları dinlənildi. Təşkilatçıların apardığı hesablamalara görə konfransda iştirak edənlər Kembricə yetişmək üçün doxsan min milə yaxın məsafə qət etmişdilər. "Xəritəçəkmə və kadastr məlumatlarının iqtisadiyyatı", "milli xəritəçəkmə və kadastr təşkilatlarının xüsusi tədbirlərdə rolu" kimi mövzular Konfransın gündəmində duran başlıca məsələlər idi.
- Məruzələrdə əsas vurgülnan məsələlər nədən ibarət idi, başlıca ideyalar və perspektiv istiqamətlər barədə nə deyə bilərsiniz?
- Britaniyanın keçmiş Baş Naziri Unston Çerçilin adını daşıyan və özündə onun təhsil sisteminin müasir dövrdə cəmiyyətə necə xidmət etməli olduğu haqda baxışlarını əks etdirən Çerçil Kollecdə düzənlənmiş tədbir mükəmməl məruzəçilər proqramı ilə digər tədbirlərdən əhəmiyyətli şəkildə fərqlənirdi. Çıxışlar olduqca informativ, ambisiyalı və gələcəyə yönəlik xarakter daşıyırdı. Konfransın keçirildiyi hər uç gündə xüsusi dəvət olunmuş dövlət adamları müvafiq sahələr üzrə məruzə edirdi. Bundan sonra Konfrans öz işini sessiyalsrda davam etdirirdi. Birinci gün çıxış edən İnterpolun mühafizə və təhlükəsizlik üzrə Beynəlxalq Expertlər Qrupunun sədri və Qətərdə 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının milli təhlükəsizlik üzrə müşaviri Janet Vilyams olimpiada və digər kütləvi tədbirlərin keçirilməsi zamanı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində məkan məlumatlarının idarəolunmasının təşkili sahəsində London Olimpiadası zamanı qazanılmış təcrübədən bəhs edən "Şübhəli qünyada fəaliyyət" mövzusunda, Birləşmiş Krallığın Baş metereoloqu Pol Deyvis isə "Dəyişən dünyada proqnozlaşdırma" mövzusunda fundamental nəzəri məruzələrlə qlobal çağırışlara yönəlik çıxışlar etdilər. Ardından keçirilən paralel sessiyalarda Birləşmiş Ərəb Əmirliklərinin, Birləşmiş Krallığın, Norveçin və ABŞ-ın kadastr sistemləri və onların maliyyələşdirilməsi, həmçinin fövqəladə hallar yaşamış Yaponiyada xərıtəçəkmə təşkilatlarının belə vəziyyətlərdə fəaliyyəti barədə müzakirələr böyük maraq doğurdu. İlk iş günü coğrafi informasiya sahəsində fəaliyyət göstərən 1Spatial, DigitalGlobe, Esri, Hexagon, Oracle və Trimble kimi nüfuzlu şirkətlərin paralel olaraq keçirilən sərgidə nümayiş etdirdikləri yeniliklərinin, həmçinin onların gələcəyə baxışını əks etdirən rəhbər vəzifəli səxslərinin təqdimatı ilə davam etdi və BBC media korporasiyasının tanınmış simalarından olan Nikolas Kreynin Kembric Konfransı üçün ənənəvi olan mühazirəsi ilə yekunlaşdı. İkinci iş günü London Nəqliyyatının məsul siması ser Pitr Hendin "Qeyri-müəyyən dünyada çatdırılma" adlı əsas məruzəsi ilə başladı.
Ardından bizim üçün çox önəmli olan regional təşəbbüslərin inkisafı barədə müzakirələr aparıldı. Müxtəlif qitələrdə, müxtəlif dövlət birliklərində geoməkan məlumatlarının idarəolunması sahəsindəki təşəbbüslərin əhəmiyyəti xüsusilə vurğulandı. Bilirsiniz ki, Asiya ilə Avropanın sərhəddində yerləşən ölkəmiz üçün bu təşəbbüslərin unifikasiyasının təmin olunması çox böyük önəm kəsb edir. Hər iki qitənin müvafiq qurumlarında təmsil çiliyin həyata keçirilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi bir sıra önəmli tədbirlər həyata keçirmişdir. Bu istiqamətdə əldə olunmuş nailiyyətlərdən sonuncusu Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin milli xəritəçəkmə və kadastr təşkiltlarının assosiasiyası olan "Eurogeographics" təşkilatının iyunun 11-12 –də Belçikada keçirilən Növbədənkənar Baş Assambleyasında həmin təşkilata üzv seçilməsidir. Bu nəticə Komitənin və digər əlaqədar qurumların uzunmüddətli məqsədyönlü fəaliyyətinin yekunu olaraq ərsəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, ölkəmizin bir sıra təsərrüfathesablı təşkilatları bir neçə il ərzində sözügedən quruma üzvlüklə bağlı dəfələrlə müraciət etmələrinə baxmayaraq onların səlahiyyət dairələri, eləcə də funksional fəaliyyətləri barədə müfəssəl məlumatın olmaması və Assosiasiyanın Əsasnaməsinə müvafiq olaraq onun fəaliyyət sahələrində milli səviyyədə tanınması olmadığından məsələnin həlli yubanırdı.
"EuroGeographics" təşkilatına üzvlüyün əsas müsbət cəhətləri kimi məlumat və təcrübə mübadiləsi, üzvlərin ümumi maraqlarının Avropa səviyyəsində təmsil edilməsi, müştərək layihələrdə iştirak və milli məlumat standartlarının təkmilləşdirilməsi, ikitərəfli və ya çoxtərəfli əməkdaşlıq proqramlarında iştirak və texniki dəstəyin əldə edilməsi imkanları xüsusilə qeyd edilməlidir. Təşkilat Avropanın digər təsisatları, xüsusən Avropa Komissiyası ilə sıx əməkdaşlıq etdiyi üçün müəyyən siyasət, layihə və təşəbbüslərə öz müsbət təsirini göstərə bilər.
Təşkilata üzvlüyün yuxarıda sadalanan müsbət cəhətlərindən əlavə, Ermənistan işğalı altında olan Azərbaycan torpaqlarında toponimlərin saxtalaşdırılmasına qarşı tədbirlərin sözügedən təşkilatın çərçivəsində tənzimlənməsi perspektivinin mümkün olması, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bu sahədə zəngin təcrübəsi də olduqca önəmlidir.
Kembric Konfransının nümayəndələri də regional təşəbbüsləri müzakirə edərkən ölkəmizin bu təşkilatlarda təmsilçiyindən məmnunluq hissi ilə danışdılar. Konfransin ikinci günü "beynəlxalq geoməkan məlumatlarının standartlarının əhəmiyyəti" və "geoməkan innovasiyalar və onların qanunvericilikdə əks olunması" kimi mühüm məsələlərin müzakirəsi ilə bitdi. Məlumdur ki, 1995-ci ildən məkan məlumatlarına dair beynəlxalq standartlar hazırlayan ISO/TC 211 kompyuter interfeyslərinin spesifikasiyası ilə məşğul olan Açıq CİS Konsorsiumu (Open GİS Concortium, OGC) coğrafiya sahəsində nəzərəçarpan oyunçulara çevrildilər. Bir qədər sonra ISO/TC 211 və OGC müştərək fəaliyyətə dəstək və təkrarlanmanın aradan qaldırılması məqsədilə birgə koordinasiya qrupu yaratdılar. Həmçinin, Avropa Birliyinin CEN/TC287 coğrafi informasiya üzrə Texniki Komitə (ISO/TC 211 ilə qarşılıqlı əlaqələr Vyana razılaşmasşna əsasən qurulur) də bu strukturda önəmli yer tutur. OGC-nin icraçı direktoru xanım Denis Makkenzinin çıxışı bu baxımdan ən gözlənilən məruzələrdən idi.
Nəhayət, Kembric Konfransının son günü Birləşmiş Krallığın Hava Qüvvələri Komandanı, ölkənin hərbi sahəsinin ikinci önəmli siması Marşal ser Stuart Piçin "Coğrafi informasiyanın nüfuzu" adlı dəyərli məruzəsi ilə başladı. Bundan sonra Kembric Konfransı ilə Birləşmiş Millətlər Təşkilatının Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin Üçüncü Sessiyası Nazirlər seqmentində Belçikanın, Fijinin, Namibiyanın, Kanadanın, Yeni Zelandiyanın nümayəndələri ilə birlikdə mən də təqdimatla çıxış etdim.
- Çıxışınız barədə bir qədər ətraflı məlumat verməyinizi istərdik.
- Təqdimatımda müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırmışam. Çıxışımda həmçinin ölkəmizin müstəqillik illərində əldə etdiyi nailiyyətlər, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş aqrar-torpaq islahatı, xarici və daxili sahibkarlar üçün yaradılmış əlverişli investisiya mühiti barədə tədbir iştirakçılarını məlumatlandırmış, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas hədəflərini diqqətə çatdıraraq qarsıya qoyulan məqsədlərə nail olmaq üçün mühüm alətlərdən biri kimi geoməkan məlumatlarının idarəolunmasını xüsusilə vurğulamış və bu istiqamətdə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində aparılan işlər barədə müfəssəl məlumat vermişəm. Ölkəmizdə həyata keçirilən kosmik sənayenin yaradılması proqramı, elektron kartoqrafik əsasın yaradılması sahəsindəki fəaliyyətimiz də çixişim da yer almışdı. Ölkəmizdə geoməkan məlumatların idarəolunması ilə əlaqədar çox geniş spektri əhatə etməyə çalışdım.
- Qərib müəllim, müsahibəmizin bu yerində geoməkan məlumatları və onların idarəolunmasına müasir baxışlar barədə fikrinizi öyrənmək istərdik. Ölkəmizdə bu sahədə vəziyyət necədir?
- Bildiyiniz kimi, Geoməkan informasiyası – ərazi və Yer səthində, Yerin səthaltı qatında, Yer atmosferinin səthüstü qatında və yerətrafı fəzada mövcud olan obyektlər barədə müxtəlif fəaliyyət sahəsində istifadəsi zəruri olan verilənlər toplusudur. Sadələşdirilmiş baxışda bu anlayışa xəritədə tapıla bilən əsas topoqrafik informasiyanı aid etmək olar. Lakin həqiqətdə bu anlayışa həmçinin torpaqlardan istifadə, əhalinin sıxlığı və s. bu kimi informasiyaları nümayiş etdirən mürəkkəb təbəqələrdə birləşdirilmiş məkana bağlı müxtəlif məlumat çoxluqları da aiddir.
Geoməkan informasiyası biznes, dövlət idarəetməsi və ictimai fəaliyyətin çox geniş diapazonunu dəstəkləyir və bu informasiyadan istifadə (o cümlədən təkrar istifadə) məhsuldarlıqla bağlı əhəmiyyətli fayda verir.
Tez-tez "geoməkan informasiyası" və "məkan informasiyası" əvəzedici terminlər kimi istiadə olunur.
Geoməkan məlumatlarının idarəolunması isə özlüyündə dörd prosesi əhatə edir: geoməkan informasiyasının toplanması, xəritələşdirmə, məlumatların analizi və paylaşma.
Qeyd etmək lazımdır ki, ölkəmizdə geoməkan məlumatlarının idarəolunması ilə bağlı işlər məhz torpaq islahatının aparılmasının nəticəsi olaraq meydana çıxmışdı. Əsası görkəmli Dövlət xadimi Heydər Əliyev tərəfindən hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, yəni 1992-ci ildə Muxtar Respublikanın Julfa rayonunun Şurut və Gal kəndlərində qoyulmuş torpaq islahatlarının həyata keçirilməsi Komitənin başlıca işlərindən olmuşdur. Bu mərhələdə torpaq payı almaq hüququ olan 3 milyon 500 minə qədər subyektə torpaq payı verilmişdir. Vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaqlar naturada onlara tanıdılmış və mülkiyyət hüququnu təsdiq edən dövlət aktları ilə təmin edilmişdir. Təbii ki, bu həcmdə işin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi olmadan həyata keçirilməsi qeyri-mümkün idi. Ölkə rəhbərliyinin xüsusi qayğısı və diqqəti sayəsində qisa zaman kəsiyi ərzində Komitənin həmin dövrdə analoqu olmayan maddi-texniki bazası, o cümlədən İKT avadanlıqları və müasir ölçmə cihazları parkı formalaşdırıldı, beynəlxalq təcrübə öyrənildi, müvafiq kadr potensialı yaradıldı. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası MDB məkanında ən uğurlu torpaq islahatına imza atdı. 2000-ci illərin əvvəlləri üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi istisfadə olunan aparat və proqram vasitələri həcmi və modernliyi baxımından mərkəzi icra hakimiyyəti orqanları sırasında birincilər sırasına yüksəldi. Elə həmin illərdə bizdə formalaşan kadr potensialı bu gün nəinki Komitənin, digər mərkəzi icra hakimiyyəti orqanlarının, idarə və müəssisələrin, özəl qurumların müvafiq sahələr üzrə aparıcı qüvvəsinə çevrilmişdir.
Beləliklə geoməkan məlumatlarının toplanmasında ölkəmiz dünyanın qabaqcıl ölkələri ilə bir sırada dayanır. Xəritələşdirmə sahəsində də gördüyümüz işlər dünya standartları səviyyəsindədir. Belə ki, bütün ölkə ərazisini əhatə edən istifadəçilər üçün maraq kəsb bütün miqyaslarda topoqrafik, ümumcoğrafi tematik xəritə və atlaslarımız yaradılmış və vaxtaşırı yenilənir, həmçinin zəruri olan bütün formatlarda rəqəmsallaşdırılır.
Bununla belə fasiləsiz olaraq texnoloji olan dünya idarəetmə, təhlükəsizlik, iqtisadiyyat üzrə mürəkkəb məsələlər dogurur ki, onların da həlli bir çox məsələlərin yenidən qavranılmasını tələb edir. Son illərdə informasiya texnologiyaları nüvəsi ətrafinda yeni materiallar, enerji mənbələri, istehsal texnikası, o cümlədən torpaqlardan səmərəli istifadənin təşkili, geodeziya və kartoqrafiya sahələrində ciddi texnoloji sıçrayışlardan ibarət toplum meydana gəlmişdir. Bunlar özünü daha çox geoməkan məlumatlarının analızının həyata keçirilməsində biruzə.verir. Milli səviyyədə İKT şirkətlərimizin hələkı bu məsələlərə önəm verməməsi, özümüzün hətta Open Sourse-da hazırlanmış proqram vasitələrinin azlığı müəyyən problemlər yaradır. Bunula belə tanınmış bütün brendlərin bu istiqamətdə hazirladıqları proqram təminatlarından yararlanmaqla bu sahədə qarşımızda quran məsələləri həll edirik. Bunun üçün qeyd etditim kimi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində zəruri maddi-texniki baza durmadan gücləndirilir, mütəxəssislərin ixtisasının artırılması ilə bağlı lazımi tədbirlər həyata keçirilir.
Paylaşıma gəldikdə isə idarəetmə mərkəzi Komitənin tabeliyində olan Dövlət Aerogeodeziya Müəssisəsinin inzibati binasında yerləşən 37 GNSS qəbuledicidən ibarət AZPOS daimi fəaliyyət göstərən geodeziya istinad şəbəkəsi istifadəçilərə təqdim olunmuşdur.
- Konfrans nümayəndələri ilə apardığınız fikir mübadiləsi barədə nə deyə bilərsiniz?
- Hər şeydən öncə onu qeyd edim ki, təqdimatımda ölkəmizin iyirmi faiz ərazisinin işğal altında olması, işğalla bağlı bir milyondan artıq vətəndaşın məcburi qaçqın və köçkün vəziyyətində yaşamasının daha da böyük ugurlara nail olmağımıza problem yaratdığı barədə məlumat verərək, işğal zonasının xəritələrinin nümayışı vasitəsilə tədbirdə iştirak edən yüzdən artıq ölkənin nümayəndələrində Dağlıq Qarabağ və ona bitişik ərazilərimizin işğalı ilə bağlı yaranmış problemlərin törətdiyi fəsadlar barədə dolğun fikir yaratmağa çalışdım. Qeyd etdim ki, biz fakt araşdırıcı missiyalar üçün xüsusi xəritələr hazırlayırıq. Biz işğal altında olan torpaqlardakı real coğrafi adların konservasiyası istiqamətində ciddi cəhdlə işləyirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməməsi" barədə tezisini diqqətə çatdıraraq keçirdiyimiz görüşlərdə cənab Prezidentin Sərəncamı ilə nəşr olunan "Cənubi Qafqaz-1903-cü il" xəritəsini aparıcı ölkələrin xəritəçəkmə qurumlarının rəhbərlərinə təqdim etdim. Tədbirdə bir çox ölkələrin müvafiq sahələrə məsul dövlət qurumlarının rəhbərləri ilə aparılan fikir mübadiləsində ölkəmizdə bütün sahələr üzrə, o cümlədən coğrafi informasiyaların idarə olunması sahəsində görülmüş işlər məmnunluqla qarşılanmış, Azərbaycanın bu sahədə bir sıra beynəlxalq təşkilatlarda çox ciddi mövqeyə malik olduğu xüsusi olaraq qeyd olunmuşdur.
Mənim çıxışımla bağlı bir sıra suallar, o cümlədən əhaliyə göstərilən xidmətlər və g-hökümət anlayışına bizim yanaşma barədə müzakirələr oldu. Ölkəmizdə fəaliyyətə başlamış "ASAN Xidmət"mərkəzləri barədə məlumat verərək qeyd etdim ki, məkan qərar qəbulu texnologiyası ilə coğrafi informasiya sistemi və qərar dəstəkləmə sistemini başlıca alət kimi istifadə edən "Elektron hökümət" texnologiyasının inteqrasiyası dövlət idarəetməsi üçün məkansal kəmiyyət analızləri və elmi qərar qəbul etmə alətləri təqdim edə bilər. Məhz bu növ "elektron hökümət" texnologiyası g-hökümət anlamına gəlir və qeyd olunanlar bu texnologiyanın çox qisa müddət ərzinda dominant mövqe tutacağını əminliklə deməyə imkan verir. Konfransın xəbərlərinin növbəti buraxılışında mənim çıxışımın bu hissəsi xüsusi qeyd olunmuşdu.
- Qərib müəllim, mətbuat Kembricdə keçirilən tədbirlərə nə kimi münasibət sərgilədi?
- Qeyd etmək lazımdır ki, Böyük Britaniyanın nüfuzlu BBC media nəhəngi tədbirin aparıcı siması olan İngiltərənin Ordnance Survey qurumunun rəhbəri Vanessa Lourensdən müsahibə aldı. Həmçinin, nüfuzlu "The Daily Telegraph" dərgisi də geoməkan məlumatlarının idarəolunması ilə bağlı məqalə nəşr etdi. Fürsətdən istifadə edərək tədbiri işıqlandırmış "AzərTac" Dövlət Telegraf Agentliyinə və İctimai televiziyanın Londona ezam olunmuş əməkdaşlarına minnətdarlığımı bildirirəm.
Bilirsiniz, bu gün bizim istifadə etdiyimiz hər bir müasir mobil vasitə istifadəçi ilə təmas qurmaq üçün ilk olaraq onun məkan məlumatlarını toplamaq istəyir. Texnoloji inkişafı bir neçə illər öncədən proqnozlaşdıra bilən bu nəhəng şirkətlər artıq inkişaf vektorunun bu istiqamətini açıq şəkildə dəstəkləyirlər. Təbii ki, mətbu orqanlar da belə cağırışlara adekvat reaksiya verirlər.
- BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsinin Üçüncü Sessiyasında hansı məsələlər müzakirə olundu?
- Mühüm əməkdaşlıq platformalarından biri də BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Təşəbbüsüdür (UN-GGİM). Bu təşəbbüsün məqsədi qlobal geoməkan informasiyası üçün gündəmin müəyyənləşdirilməsində aparıcı rol oynamaq və ondan başlıca qlobal çağırışlara yönəlik istifadəni təşviq etməkdir. Həmin təşəbbüs Üzv Ölkələr arasında, eləcə də Üzv Ölkələrlə beynəlxalq təşkilatlar arasında əməkdaşlıq və koordinasiya üçün bir forum rolunu oynayır. UN-GGIM iki paralel strukturdan – 2011-ci ildə BMT-nin ECOSOC (BMT-nin İqtisadi və Sosial Şurası) vasitəsilə yaratdığı Ekspertlər Komitəsi (ilk iclası 2011-ci ilin oktyabrında Koreyanın Seul şəhərində, ikinci iclası isə 2012-ci ilin avqust ayında ABŞ-ın Nyu-York şəhərində keçirilmişdir) və yüksək səviyyəli Forumdan ibarətdir. BMT-nin rəsmi Ekspertlər Komitəsi UN-GGIM üçün ekspertlərin qlobal məsləhətləşməsi mexanizmini təmin edir və Yüksək Səviyyəli Forumun gündəliyini hazırlayır.
Yüksək Səviyyəli Forumun ilk iclası 2011-ci ilin oktyabrında Koreyanın Seul şəhərində keçirilmiş və "Seul Deklarasiyası" qəbul olunmuşdur. 4-6 fevral tarixlərində Qətərin paytaxtı Doha şəhərində keçirilmiş İkinci Yüksək Səviyyəli Forumda Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən mənim rəhbərliyimlə nümayəndə heyəti iştirak etmişdir. Qeyd edim ki, 1 noyabr 2012-ci il tarixdə Tailand Krallığında keçirilmiş BMT-nin Asiya və Sakit Okean üzrə Regional Kartoqrafik Konfransında mən Asiya və Sakit Okean üçün Geoməkan İnformasiyasının İdarəolunması üzrə BMT-nin Regional Komitəsinin İcraçı Şurasının 11 üzvündən biri seçilmişəm.
Ekspertlər Komitəsinin Üçüncü Sessiyasının gündəliyi çox zəngin idi. Gündəliyə 19 məsələ daxil edilmişdi. Gündəliyə daxil edilmiş əsas məsələlər sırasına ekspertlərin böyük qrupu tərəfindən hazırlanmış "Geoməkan məlumatlarının inkişafının gələcək istiqamətləri: beş ildən on ilədək baxış" sənədinin müzakirə olunaraq qəbul edilməsi, istənilən ölkədə geodezik əsası təmin edən və həmin ölkədə qəbul edilmiş geodezik koordinat sistemlərinin unifikasiyası ilə bağlı məsələr, dayanıqlı inkişaf üçün xəritələşdirmə, geoməkan məlumatlarının idarəolunması üzrə milli institusional mexanizmlərin inkişaf tendensiyaları aid edilə bilər. Konstruktiv və məhsuldar işləyən Ekspertlər Komitəsi qarşıya qoyulmuş bütün məsələləri müzakirə edərək müvafiq qərarlar qəbul etdi.
- Kembric tədbirləri çərçivəsində daha hansı iclaslar keçirildi?
- Tədbir çərçivəsində Qlobal Xəritəçəkmə üzrə Beynəlxalq Rəhbər Komitənin iclası da keçirildi. Həmçinin, BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Təşəbbüsünün Avropa təmsilçiliyinin yaradılması ilə bağlı işçi qrupun iclasında da Azərbaycan nümayəndə heyəti iştirak etmişdir.
- Qərib müəllim, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin geoməkan məlumatlarının idarəolunması sahəsində bundan sonrakı fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Biz hökumət strukturu olaraq, fundamental geoməkan informasiya əsasının keyfiyyətinin təminatı və zəmanətində mühüm rol oynamaqda davam edəcəyik, həmçinin başlıca strukturların qorunmasının təmin olunması üçün zəruri olan prinsip və mexanizmlər üzərində nəzarətimizi gücləndirəcəyik. Elektron hökümət həllərinin tətbiqi ilə bağlı qanunvericilik təşəbbüşlərində geoməkan məlumatlarının idarəolunmasına geniş yer ayrılması ilə bağlı əlaqədar orqanlarla fikir mübadiləsi aparırıq. Müvafiq məsələlərin geniş təşviqi ilə bağlı tədbirlər planı üzərində işləyirik. Bu işlərdə sizin də yardımınıza ümid edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB