Yeni nəsil optik disk hazırlanır

Yaponiyanın "Sony" və "Panasonic" şirkətləri informasiyanın uzunmüddətli saxlanılması üçün nəzərdə tutulan yeni nəsil optik diskin hazırlanması sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. SİA-nın məlumatına görə, bu barədə "Sony" şirkəti xəbər yayıb.

Şirkətlər öz səylərini və onlara məxsus texnologiyaları minimum 300 giqabayt tutumlu peşəkar istifadə üçün nəzərdə tutulan optik diskin hazırlanması və istifadəyə verilməsi üçün birləşdirəcəklər. "Sony" və "Panasonic" yeni formatlı 300 giqabayt tutumlu diskin hazırlanmasını 2015-ci ilin sonunadək başa çatdırmaq niyyətindədir. Şirkət nümayəndələrinin fikrincə, optik disklər hətta inkişaf dövrü yaşamış müxtəlif nəsil formatları bir araya gətirə bilir ki, bu da onları məlumat arxivlərinin uzun onilliklər boyunca saxlanılması üçün yararlı edir.

"Sony" artıq 2012-ci ilin sentyabrında informasiyanın optik yazılması texnologiyası əsasında böyük həcmli arxivlərin yaradılması üçün həllər təqdim edib. Hər birinin tutumu 25 giqabayt olan 12 optik disk bir kompakt kartricdə yığılıb. Qurğuların məlumatı əsasında 300 giqabaytdan 1,5 terabaytadək ölçüdə saxlanc yeri yaratmaq mümkündür. "Panasonic" 2013-cü ilin iyulunda məlumatların saxlanılması üçün "LB-DM9" seriyalı optik qurğular təqdim edib. Qalınlığı cəmi 20,8 mm olan qurğuya 100 giqabayt tutuma malik 12 disk daxil olub. 90-dək belə kompakt optik saxlanc yerini 180 terabaytlıq məlumat bazasında birləşdirmək mümkündür. "Panasonic" həmçinin bu cür kütlə həcmində məlumatların 215Mb/s sürətində ötürülməsinin təmin edilməsi üçün "RAID"-texnologiyalardan istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə