Musa Quliyev: “Azərbaycan dinamik inkişaf yolunda uğurla irəliləyir” MÜSAHİBƏ

Musa Quliyev: “Azərbaycan dinamik inkişaf yolunda uğurla irəliləyir” MÜSAHİBƏ

Millət vəkili Musa Quliyevin SƏS TV-yə müsahibəsi:

- Dünən prezident İlham Əliyev Nazirlər Kabinetində 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında geniş məruzə ilə çıxış edib. Bu iclası necə qiymətləndirirsiniz?

- Nazirlər Kabinetinin dünən keçirilən iclası və orada cənab Prezidentin çıxışı və tövsiyyələri, müzakirə olunan məsələlər Azərbaycanın sosial-iqtisadi inkişafının uğurlarından xəbər verən hadisədir. Azərbaycan 10 ildən artıqdır ki, dinamik inkişaf yolunda uğurla irəliləyir. Belə müşavirələr hər yarım ildən bir keçirilir. Burada cənab Prezident keçən dövrün qiymətini verir, bu dövrdə əldə olunan uğurlardan danışır. Əgər nöqsanlar varsa, bu da göstərilir. Cənab prezident hökumətə qarşıdan gələn müddət üçün öz tapşırıq və tövsiyələrini verir. Məhz bu tipli müzakirələr Azərbaycan xalqına açıq şəkildə televiziya və digər KİV-lərlə çatdırılır, eyni zamanda xalqın da fikri öyrənilir, sonradan hökumətin gələcək fəaliyyətində müəyyən məsələlər əsas götürülür. Bu baxımdan dünən keçirilən iclası uğurlu hadisə hesab edirəm. Dünənki müşavirə Azərbaycanın bu ilin altı ayı ərzində keçdiyi yolun bir yekunu idi. Prezident müşavirədə vurğuladı ki, Azərbaycan yarım ildə özünün ümumdaxili məhsulunu 5 faiz artıra bilib. Təqdirəlayiq hal odur ki, qeyri-neft sektorunda artım yarım il ərzində 12 faiz olub və ilin sonuna qədər biz 25 faizlik artım gözləyirik.

- Cənab Prezidentin müşavirədəki geniş məzmunlu çıxışı nəyə hesablanır?

- Bu, nəyəsə hesablanmış çıxış deyil. Bu, cənab Prezidentin xalqın qarşısında prezident olaraq götürdüyü öhdəlik və onun rəhbərlik etdiyi hökumət tərəfindən həyata keçirilməsini göstərən çıxış idi. İlham Əliyevin dediyi kimi, biz güclü və gündən-günə qüdrətlənən dövlətik. Bizim artıq dünyada portnyorumuz olmaq istəyən dövlətlərin sayı getdikcə artır. Bu dövləti biz qurmuşuq, uğurları biz əldə etmişik və bu uğurlar da bizim fəaliyyətimiz nəticəsində davam edəcək. Təbii ki, biz deyəndə bütövlükdə Azərbaycan xalqı - onun vətən sevər böyük bir hissəsi nəzərdə tutulur. Cənab prezident müşavirədəki çıxışında Azərbaycanın artıq region müstəvisində deyil, dünya müstəvisində nüfuzlu söz sahibi olan dövlətlərdən birinə çevrildiyini bildirdi. Bu yarım ildə prezident Azərbaycanda keçirilən mühüm tədbirlərin adını çəkdi. Bu tədbirlərdən biri də Davos İqtisadi Forumunun Azərbaycanda keçirliməsidir. Dünyada gedən bütün iqtisadi proseslər məhz Davos Forumlarında çözülür. Gələcək perspektivlər də burada müəyyələşdirilir. Azərbaycan artıq 5 ildən çoxdur ki, Davos İqtisadi Forumunun ən fəal üzvlərindən biridir. Davos Forumunda Azərbaycanın iştirakı həmişə mərkəzi məsələlərdən birinə çevrilir. Yəni, Azərbaycan orada həmişə diqqət mərkəzində olur və Azərbaycanın dövlət başçısı və hökumət üzvləri ilə müxtəlif görüşlərə can atan böyük şirkətlər, dövlətlərin ayrı-ayrı qurumları öz iqtisadi mənfəətlərini əldə etmək və eyni zamanda Azərbaycanla uğurlu tərəfdaş kimi fəaliyyət göstərmək üçün Davos Forumunda bizimlə əməkdaşlıq etməyə çalışırlar. Məhz Davos Forumunun növbəti tədbirinin Azərbaycanda keçirilməsi Azərbaycana bütün dünya dövlətlərinin iqtisadi portnyor kimi verdiyi yüksək qiymətdir. Eyni zamanda idman, mədəniyyət, dinlə bağlı tədbirlərin Azərbaycanda keçirilməsi və bu işin artıq ardıcıl şəkil alması ölkəmizin dünyanın qabaqcıl dövlətə çevrilməsini göstərir.

- 10 il ərzində qeyri-neft sektorunun sürətli inkişafı qeydə alınıb. Bunu dövlətin bu sahədəki siyasətinin uğurlu olması kimi qiymətləndirmək olarmı?

- Cənab prezident bir neçə il bundan öncə çıxışlarının birində qeyri-neft sektorunun Azərbaycanda prioritet istiqamətə çevrilməsi üçün lazım gələcək işlərin həyata keçiriləcəyini, müxtəlif proqramların rellaşdırılacağını vurğulamışdı. Məhz cənab prezident söyləmişdi ki, bizim başlıca amalımız neft sektorunun inkişafını qeyri-neft sektorunun inkişafına yönəltməkdir. Bir sözlə, neft sektorundan gələn gəliri biz qeyri-neft sektorunun inkişafına yönəltmək istəyirik. Bu, ölkənin harmonik inkişafına, regionların varlanmasına, abadlaşmasına gətirib çıxaracaq. Təbii ki, neft bizim iqtisadi potensialımızdır. Amma neft sərvətindən də ağıllı bir şəkildə istifadə etməyin ən düzgün yolu o sərvətdən istifadə edib ölkənin digər potensiallarını da üzə çıxarmaqdır. Bilirsiniz ki, Azərbaycanda turizmin və aqrar sektorun inkişafına böyük dövlət dəstəyi var. Emal və enerji sektorunun inkişafına dövlət çox böyük önəm verir. 2004-cü ildə regionların iqtisadi inkişafı ilə bağlı iki proqram qəbul olunub. Bu il də növbəti proqram hazırlanır və bu proqram növbəti ildə təsdiq edilərək qüvvəyə minəcək. Məhz bu proqramların bütövlükdə məqsədi Azərbaycan vətəndaşının sosial rifah halını yüksəltməkdir. İş yerlərinin açılması, əmək haqlarının ildən-ilə artırılması, manatın məzənnəsinin sabit qalması və gündən-günə digər valyutalara nisbətən möhkəmlənməsi Azərbaycan əhalisinin rifah halının yüksəlməsindən xəbər verir. Bu müşavirədə də cənab prezident söylədi ki, artıq Azərbaycanda bu ilin birinci yarısında əhalinin orta aylıq əmək haqqı 520 dollara, orta aylıq pensiya isə 200 dollara gəlib çatmışdır. Bu da MDB məkanında ən yüksək göstəricilərdən biridir.

- Azərbaycanın valyuta ehtiyatları 48 milyard dollardan çoxdur. Bu onu deməyə əsas verir ki, ölkənin iqtisadi siyasəti uğurla davam etdirilir. Bu valyutanın ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasındakı rolunu necə qiymətləndirirsiniz?

- Dövlətin valyuta ehtiyatlarının gündən-günə artması ciddi bir faktordur. Bu da ölkə əhalisinin rifah halının yüksəlməsinə səbəb olur. Valyuta ehtiyatlarının artması dövlətin iqtisadi qüdrətindən və Azərbaycanın iqtisadi siyasətinin doğru olmasından xəbər verir. Eyni zamanda ölkənin hərbi qüdrətinin artması, ordumuzun təchizatının yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi də birbaşa iqtisadi inkişafı ilə bağlıdır.

Əkbərov Cavid

Bütün xəbərlər Facebook səhifəmizdə