İlham Əliyev: “Bu altı ayda əhalinin pul gəlirləri 7 faizdən çox artıb”

İlham Əliyev: “Bu altı ayda əhalinin pul gəlirləri 7 faizdən çox artıb”

"Bizim maddi imkanlarımız, valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız 48 milyard dollardan çoxdur. Bu da çox gözəl göstəricidir. Şadam ki, bu ilin altı ayında valyuta ehtiyatlarımız azalmır, yerində də durmur, artır və əgər belə getsə, ilin sonuna qədər daha da artacaqdır. Bu göstəriciyə görə də, həm mütləq rəqəmləri, həm adambaşına düşən valyuta ehtiyatlarının həcmini götürsək, Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bu da son illər ərzində əldə edilmiş uğurların bir hissəsidir". SİA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

Dövlət başçısı nitqi zamanı söyləyib ki, son illərdə Azərbaycanın dinamik inkişafı reallığa çevrilib: "Artıq dünya birliyi bunu görür, qiymətləndirir. Dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda həyata keçirilən islahatları təqdir edir. Azərbaycanda aparılan islahatlar bir çox ölkələr üçün nümunə olmalıdır və deyə bilərəm ki, bir çox ölkələrdə Azərbaycanın təcrübəsi öyrənilir. Biz öz yolumuzla gedirik. İqtisadi və sosial inkişaf məsələlərini bir paketdə həll edirik. Azərbaycanda əsaslı iqtisadi islahatlar güclü sosial siyasətlə tamamlanır. Əgər belə olmasaydı, əhalinin gəlirləri artmazdı. Əsaslı iqtisadi islahatlar bir sıra hallarda insanlara çox baha başa gəlir. İnsanlar əziyyət çəkirlər. Biz indi müxtəlif yerlərdə iqtisadiyyatı dirçəltmək, iqtisadi böhrandan çıxmaq üçün daha çox əhali hesabına atılan addımları görürük. İş yerləri ixtisar edilir, maaşlar kəsilir, iş günü uzadılır, pensiya həddi uzadılır. Yəni, bəzi hökumətlər öz iqtisadi vəziyyətini insanların hesabına sağlamlaşdırmaq istəyirlər. Bizdə isə iqtisadi islahatlar köklü xarakter daşıyırdı. Çünki biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid yoluna qədəm qoymuşduq. Bu islahatlar güclü sosial siyasətlə də tamamlanır, dəstəklənir. Belə olan halda təsadüfi deyil ki, hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artıb".

Prezident diqqətə çatdırıb ki, Azərbaycanda manatın məzənnəsi sabitdir. Bunun ilk növbədə, çox böyük sosial mənası vardır. Çünki insanların əmanətləri dövlət tərəfindən qorunur: "Bu məsələyə gəldikdə deyə bilərəm ki, bu altı ayda əhalinin pul gəlirləri 7 faizdən çox artıb. İnflyasiya isə cəmi 2 faiz olub. Bu da hesab edirəm ki, çox gözəl göstəricidir".

Sosial məsələlərə gəldikdə isə İlham Əliyev bildirib ki, bu altı ayda maaşlar artıb: "Bu gün Azərbaycanda orta əməkhaqqı 520 dollar səviyyəsindədir. Orta pensiya 200 dollar səviyyəsindədir. Gələn illərdə bu rəqəmlər artacaq. Bu rübdə vətəndaşların pensiyaları da, əməkhaqları da artırılacaqdır. Gələn illərdə də eyni siyasət aparılacaq. Bir daha demək istəyirəm ki, iqtisadi islahatlar çox güclü sosial siyasətlə dəstəklənməlidir. Hesab edirəm ki, ölkəmizin bu sahədə əldə etdiyi uğurlar nümunə ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə