218 milyon manat güzəştli kredit verilib

218 milyon manat güzəştli kredit verilib

"Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilib ki, bunun da 128 milyon manatı və ya təqribən 60 faizi qaytarılan vəsaitlər hesabına olub". SİA-nın məlumatına görə, bunu Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev deyib.

Onun sözlərinə görə, kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin inkişafına ayrılıb və bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması deməkdir: "Görülən tədbirlərin nəticəsidir ki, 2012-ci ildə ölkə iqtisadiyyatına yönəldilən investisiyaların həcmi 22.1 milyard ABŞ dolları olub, bundan 13.3 milyardı daxili, 8.8 milyard dolları isə xarici investorların vəsaiti olub. Kənd təsərrüfatı sahəsində 5,8 faiz artıma nail olunub, bu sektora güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi və digər dövlət dəstəyi tədbirləri davam etdirilib".

Bu il sahibkarlara 250 milyon manat güzəştli kredit verilməsi nəzərdə tutulduğunu deyən Məmməd Musayev qeyd edib ki, bu vəsaitin 83% regionlar üçün nəzərdə tutulub: "Ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, habelə fiziki şəxslər tərəfindən 2013-cü ilin ötən 5 ayı ərzində 22.1 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çox Ümumi Daxili Məhsul istehsal edilib.

Məhsulun 62,7 faizi məhsul istehsalı sahələrində, 30,9 faizi xidmət sahələrində yaradılıb, hər nəfərə ÜDM istehsalı 2389 manat təşkil edib. Əlavə dəyərin 52,5 faizi qeyri-neft sektorunda istehsal olunaraq müqayisə edilən dövrdə 11 faiz artıb, kənd təsərrüfatında artım 5,2 faiz təşkil edib".

Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Prezidenti onu da bildirib ki, iqtisadi və sosial sahədə işləyənlərin orta aylıq əmək haqqı yanvar-aprel aylarında keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artaraq 406,8 manata, hər bir nəfərə düşən gəlirlər isə 5,4 faiz çoxalaraq 1403,2 manata çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə