Aydın Hüseynov: "TANAP Türkdilli dövlətlərin sıx inteqrasiyasına zəmin yaradacaq perspektiv proqramdır"

Aydın Hüseynov: "TANAP Türkdilli dövlətlərin sıx inteqrasiyasına zəmin yaradacaq perspektiv proqramdır"

"Azərbaycan bu gün Cənubi Qafqaz regionunun söz sahibi aparıcı lokomotividir. Bu mənada Türkiyə ilə Azərbaycan arasında imzalanmış Trans Anadolu Qaz Boru Kəməri-TANAP layihəsinin reallaşdırılması mühüm iqtisadi və siyasi hadisə idi". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı ekspert Aydın Hüseynov bildirib.

O qeyd edib ki, bu nəhəng layihəyə birbaşa Azərbaycanın təşəbbüs etməsi real mənzərədən xəbər verir. Aydın Hüseynov vurğulayıb ki, bu strateji əhəmiyyət daşıyan layihə region coğrafiyasının Azərbaycanın fonunda yenidən dəyişməsinin təzahürü sayılır: "İlk öncə onu qeyd etmək lazımdır ki, TANAP-dan əvvəl regionda trans-enerji dəhlizləri ilə bağlı sazişlər imzalanıb. TANAP isə əvvəlki sazişlərin məntiqi davamı, enerji marşrutlarının ana arteriyası hesab edilir. Eyni zamanda, TANAP "Cənub dəhlizi" enerji şəbəkəsinin ən mühüm komponentlərindən biridir. Bu layihə yeni-yeni dəhlizlərin də yaradılmasına geniş üfüqlər açır".

İqtisadçı həmçinin bir neçə onilliklər ərzində Avropaya enerji nəqlinə imkan verəcək TANAP layihəsinin strateji nəhəng kommunikasiya infrastrukturu olduğunu vurğulayıb: "Bu layihə Xəzər regionu ölkələrinin hər birinin əməkdaşlığı üçün əla fürsətdir. Ən əsası isə bu layihə Qazaxıstan, Türkmənistan, Türkiyə və Azərbaycanın vahid enerji konsepsiyasını reallaşdıra biləcək, türkdilli dövlətlərin sıx inteqrasiyasına zəmin yaradacaq perspektiv proqramdır".

Bütün xəbərlər Facebook səhifəmizdə