“AtaTravel” MMC-nin Macarıstana info-turu başa çatıb

“AtaTravel” MMC-nin Macarıstana info-turu başa çatıb

"AtaTravel" MMC-nin Macarıstana təşkil etdiyi info-tur uğurla başa çatıb. "Ata Holding"dən SİA-ya verilən məlumata görə, iyunun 29-dan iyulun 6-na qədər bu ölkədə davam edən tanıtım səfərində qabaqcıl KİV-in jurnalistləri, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi iştirak ediblər. İnfo-tur Macarıstanın turizm sənayesi ilə ətraflı tanış olmaq məqsədilə ölkənin qabaqcıl tur-operatoru olan "1000 yol" və Macarıstan "Wizz Air" aviaşirkətinin dəvəti ilə həyata keçirilib. Bu ölkənin turizm sektorunun infrastrukturu olduqca inkişaf edib, keyfiyyətli xidmət, dağ landşaftı ilə göz oxşayan təbiəti bütün dünyadan turistləri cəlb edir.

İnfo-turun gedişində iştirakçılar Macarıstanın gəzməli yerlərində olub, müxtəlif regionlarda tarixi abidələrlə tanış olub, Balaton gölünü seyr edib, termal müalicəvi yerlərdə olub, milli adətlərlə, mətbəxlə, musiqi və xalq yaradıcılığı ilə tanış olublar.

Budapeşt şəhərində ekskursiyaya Qəhrəmanlar Meydanı, Vaydaxunyad qəsri, Budapeştin "Yelisey düzəngahı" – Andraşşa prospekti, Parlament, Balıqçı Bastionu və Kral sarayını gəzmək, Matyaş kilsəsi ilə tanışlıq, Dunaya gözəl mənzərə ilə açılan Gellert dağına qalxmaq daxil idi. Bununla yanaşı, Azərbaycan jurnalistləri Dunay döngəsində, Esterqom, Vışeqrad, Sentendre, Peç, Şarvar, Kestxeydə olublar. Onlar həmçinin, Harkan balneoterapevtik kurortu, müalicəvi gücü hələ Roma dövründən məşhur olan Heviz termal gölü ilə tanış olub, Şümeq qalasında rıtsar turnirində olublar.

İnfo-tur zamanı Azərbaycan KİV nümayəndələri Macarıstan-Turizm QSC-nin nümayəndəsi Kristina Boço, Heviz şəhərinin meri Qabor Papp, otel biznesi rəhbərləri, termal müalicəxanaların tibbi personalı ilə görüşlər keçirmiş, bu görüşlərdə ətraflı informasiya və onları maraqlandıran suallara cavab alıblar.

İnfo-turun iştirakçıları Azərbaycanın Macarıstandakı səfirliyində olub, burada səmimi, qeyri-rəsmi şəraitdə fikir mübadiləsi aparılmış və qeyd edilib ki, son vaxtlar Azərbaycanla Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri bütün sahələrdə inkişaf edir.

"AtaTravel" şirkətinin baş direktoru Vüsal Əliyev qeyd edib ki, "AtaTravel" Macarıstanın "1000 yol" tur-operatorunun tərəfdaşıdır, həmçinin, Budapeşt-Bakı-Budapeşt aviareyslərini uğurla həyata keçirən "Wizz Air" aviaşirkəti ilə sıx əməkdaşlıq edir: "Macarıstanın Azərbaycan turistləri üçün yeni istiqamət olduğuna baxmayaraq, bu ölkə artıq populyarlıq qazanıb. Macarıstan turistlərinin ölkəmizə marağı artır və bu ölkədən Azərbaycana gələn turistlərin sayı artır. Ölkəmizə səfərləri asanlaşdırmaq üçün, "AtaTravel" elektron viza proseduruna qatılıb. Ümumiyyətlə, qarşılıqlı Azərbaycan-Macarıstan əlaqələrinin bütün sahələrdə inkişaf edir".

"AtaHolding" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Dilarə Zamanova bildirib ki, bu ilin sentyabr ayında artıq macar tur-operatorları üçün Azərbaycana cavab info-turu təşkil ediləcək.

Əlavə edək ki, info-turun bütün iştirakçıları "AtaSığorta" sığorta şirkəti tərəfindən sığortalanıb.

Qeyd edək ki, "AtaHolding" ASC Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib. "AtaTravel" MMC turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təqdim edir. Şirkət öz müştərilərinə otellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların qabaqcadan bronlaşdırılması üzrə xidmətlər göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə