Özəl taxılçılıq təsərrüfatından 55-60 sentner məhsul əldə olunub
Azərbaycanda ilk dəfə olaraq yaradılmış özəl iri taxılçılıq təsərrüfatında aparılan buğda biçini davam edir və hər hektardan orta hesabla 55-60 sentner məhsul əldə olunur. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, İstehsal olunan yüksək keyfiyyətli ərzaq buğdası Dövlət Taxıl Fonduna təhvil verilir.
Qeyd edək ki, layihə prezident İlham Əliyevin iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqların icrasının təmin edilməsi məqsədilə reallaşıb. Belə ki, Ağcabədi və Beyləqan rayonlarının ərazilərində müvafiq olaraq 3300 ha və 1500 ha olmaqla ümumilikdə 4800 ha sahədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatı - "Qarabağ-Taxıl" MMC yaradılıb. Təsərrüfatda 150-dək yerli sakin, o cümlədən məcburi köçkün daimi iş yeri ilə təmin olunub. Layihənin tam reallaşdırılması nəticəsində 400-dək yeni iş yeri yaradılacaq. İnvestisiya layihəsinin ümumi dəyəri 27,6 milyon manat təşkil edir. İdarə edilməsi İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilən layihənin reallaşdırılmasına 10 milyon manat güzəştli kredit ayrılıb. Hazırda ərazidə yaradılmış taxılçılıq təsərrüfatının nəzdində tutumu 30 min ton olan müasir taxıl anbarı kompleksinin tikintisinə başlanmış və özəl aqroservis yaradılıb. Bununla yanaşı, layihə çərçivəsində 1000 başlıq müasir heyvandarlıq kompleksinin, bitki yağları istehsalı zavodunun inşa olunması, eləcə də növbəli əkin sisteminin təmin edilməsi məqsədilə digər kənd təsərrüfatı bitkilərinin əkilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB