İsmət Abasov Qax sakinlərilə görüşüb

İsmət Abasov Qax sakinlərilə görüşüb

Kənd təsərrüfatı naziri İsmət Abasov Azərbaycan Respublikasının regionları üzrə 2013-cü ilin aprel-oktyabr aylarında vətəndaşların qəbulu qrafikinə uyğun olaraq Qax rayonunda Qax, Şəki, Zaqatala, Balakən və Oğuz rayonlarının 52 nəfər sakini ilə görüşüb. SİA-nın məlumatına görə, nazir görüşdən öncə iştirakçılarla birgə bir neçə fermer təsərrüfatına baxış keçirib. "Aqrolizinq" ASC-nin xətti ilə alınmış cins mal-qaranın saxlanma şəraiti ilə tanış olunub və müvafiq məsləhətlər verib, həmçinin yeni salınmış fındıq bağlarına baxış keçirib.

Görüşdə iştirak edən vətəndaşlar ilk olaraq ölkə başçısı İlham Əliyevə kənd əməkçilərinə göstərdiyi qayğı və diqqətə görə öz minnətdarlıqlarını bildirib və söyləyib ki, prezidentin həyata keçirdiyi aqrar siyasətin bəhrəsi olaraq, onlar bu gün becərilən hər 1 ha üçün yanacaq və motor yağlarına görə 40 manat, buğda və çəltik əkinlərinə görə əlavə 40 manat, toxum və tinglərə görə subsidiyaların verilməsi ilə təmin olunur, həmçinin lizinq yolu ilə güzəştli şərtlərlə kənd təsərrüfatı texnikaları və mineral gübrələr alırlar.

Görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün fermerlərinin ortaq problemi olduğunu qeyd edərək, bunların həlli ilə bağlı bəzi təkliflər irəli sürüblər.

Görüşdə kənd təsərrüfatı naziri ilə birlikdə Nazirliyin idarə və təşkilatlarının, tabeli qurumların rəhbərləri iştirak ediblər. Bölgə rayonlarından olan 52 vətəndaşın müraciətlərinə baxılıb. Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun mümkün qısa müddət ərzində həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib, müraciətlərin bir hissəsi isə yerindəcə həllini tapıb.

Görüşdə iştirak edən fermer və torpaq mülkiyyətçiləri Prezident İlham Əliyevin sərəncamına əsasən "Aqrolizinq" ASC-yə yeni taxılyığan kombaynların alınmasına ayrılan 15 milyon manat vəsaitə görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə