Vüqar Bayramov: "Azərbaycanın qeyri-neft sektorunda 11% artım əldə edilib"
"2013-cü ilin II rübündə Azərbaycanın qeyri-neft sektorunda 11% artım əldə edilib". Bu barədə SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib. O bildirib ki, qeyri-neft sektorunda qeyd olunan dövrdə ÜDM 4,58% artıb: "2010-cu, 2011-ci və 2012-ci ilin yekunlarında Azərbaycanda qeyri neft sektorunda 2 rəqəmli artım müşahidə olunub. İnformasiya texnologiyaları sektorunda, aqrar sahədə, turizm, xidmət sahələrində əldə olunun artımlar qeyri neft sektorundakı artımı stimullaşdırıb və bu, ölkədə iqtisadi dayanıqlığın yaranması cəhətdən çox vacibdir. 2013-cü ilin II rübündə aqrar sahədə 6% dən çox artım əldə olunub. Həmçinin bu miqdarda artım digər xidmət və bank sektorunda da qeydə alınıb".
Qeyri-neft sektorunda əldə edilən artımın həm dövlət, həm də özəl strukturların bu sahəyə yönəltdikləri investisiya qoyuluşlarının həcminin artması ilə də bağlı olduğunu deyən iqtisadçı-ekspert bildirib ki, bu artım sayəsində də ölkədə və xaricdə olan özəl şirkətlərin qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi reallaşır: "Azərbaycanda investisiyalar neft sektoruna yönəldilirdisə, artıq bu gün investisiyaların yönəldilməsində qeyri-neft sektoru liderliyə malikdir. Belə ki, cari ilin II rübündə qeyri-neft sektorunda investisiyaların həcmi 4,2 milyard manatdan artıq olub. Sözügedən dövrdə Azərbaycanda xarici investisiya qoyuluşlarının həcmi 42% artıb ki, bununla da investisiya qoyuluşlarının 74%-ni daxili, 24%-ni isə xarici investisiyalar təşkil edib".
Vüqar Bayramov bu gün Azərbaycan iqtisadiyyatının neft sektorunun deyil, qeti-neft sektorunun hesabına inkişaf etdiyini vurğulayıb: "Dövlət tərəfində qəbul edilən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyanında ÜDM-in növbəti 10 ildə 2 dəfə artılması hədəf kimi qarşıya qoyulub. Bu baxımdan ÜDM-in inkişafında qeyri-neft sektorunun inkişafı mütləqdir. Artıq Azərbaycan iqtisadiyyatı bu gün neft sektorunun deyil, qeyri-neft sektorunun hesabına inkişaf edir. Əvvəllər ÜDM-in 70%-i neft sektorunun payına düşürdüsə, bu gün ÜDM-də neft sektorunun payı 40%-dir. Əvəzində isə qeyri-neft sektorunun ÜDM-dəki həcmi 30%dən 60%-dək artıb".
İqtisadçı-ekspert qeyri-neft sektorunda əldə olunan gəlirlərin artmasının əhalinin əməkhaqqının artmasına da müsbət təsir etdiyini qeyd edib: "Son yarım ildə Azərbaycanda sənaye sektorunda 15 milyard manata yaxın məhsul istehsal edilib. Onların 74,5% mədənçıxarma sənayesinin payına düşüb. Emal sektorundan əldə edilən gəlirlər 8,8% artıb. Bu rəqəm artıq Azərbaycanın xammal satan ölkədən emaledici ölkəyə çevrilməsindən xəbər verir. Bütün sektorlar üzrə artımın əldə olunması əmtəə dövriyyəsinin 8,8% artaraq 7,5 milyard manata çatmasına səbəb olub. Sözügedən dövrdə orta aylıq əmək haqqı 7,5% artıb. Əhalinin gəlirləri də bu dövr ərzində 7% artaraq 13 milyard manat olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB