“Startup Azərbaycan” layihəsinin finalçıları məlum oldu

“Startup Azərbaycan” layihəsinin finalçıları məlum oldu

Bu gün "Startup Azərbaycan" tərəfindən "Azərbaycanda İnternet biznes: mövcud vəziyyət və inkişaf perspektivləri" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda ilk olaraq çıxış edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, 3 paneldən ibarət olan konfransın məqsədi ölkədə İnternet biznesin, xüsusilə də milli Startupun mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparmaqdır.

Onun sözlərinə görə, bugünkü tədbirdə həmçinin internet-biznesin inkişafını ləngidən problemlərin səbəbləri və onların aradan qaldırılması yolları ilə bağlı səslənən təkliflər ümumiləşdirilərək maraqlı tərəflərə təqdim olunacaq.

Konfransın davamında "Startup Azərbaycan" layihəsinin cari ildəki yekunları haqqında təqdimat olub. Bununla yanaşı, konfransda müsabiqənin finalçıları elan olunub. Ümumilikdə bu müsabiqəyə 26 layihə təqdim olunub. Finalçılar ekspertlərin qiymətləndirilməsi ilə 15 yarımfinalçı arasından seçilib. Onların arasından isə cəmi 6 nəfər finalçı seçilib.

Mükafatlandırma mərasimində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iştirak edib. Qaliblərə hədiyyələri təqdim etdikdən sonra çıxış edən nazir bildirib ki, Azərbaycanın gələcək 8-10 ildə iqtisadi inkişafın əsas istiqamətlərindən biri innovativ sahibkarlığın inkişafıdır: "Bu sahənin inkişafı üçün yeni kompaniyaların həyata keçirilməsinə ehtiyac var. Azərbaycanda intellektual potensiala malik gənclər var. Onlar iqdisadiyyatda bizneslərini qurmaq üçün müxtəlif istiqamətlər axtarır. Belə sahibkarlığın inkişafı üçün onlara xüsusi şərait yaratmaq lazımdır".

Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstək verdiyi layihənin sponsoru "Bakcell" -dir.

Bütün xəbərlər Facebook səhifəmizdə