"Azərbaycanda mobil nömrələrinin daşınması sisteminin (Mobile Number Portability) bu ilin avqust ayının 1-dən etibarən tətbiqi planlaşdırılır". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Nazirin sözlərinə görə, artıq yeni sistemin tətbiqi ilə bağlı Azərbaycanda fəaliyyət göstərən mobil rabitə operatorlarına müvafiq tapşırıq verilib: "Mobil operatorların bunun üçün kifayət qədər imkanları var. Onlara nömrələrin daşınması sisteminin avqustun 1-dən tətbiqi ilə bağlı tapşırıq verilib".
Məlumat üçün bildirək ki, sistem Nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən koordinasiya olunacaq. Xidmətin işə salınması ilə bağlı müqavilələr artıq hər üç mobil operatorla (Bakcell, Azercell və Azerfon) bağlanılıb. Nömrələrin daşınma xidməti mobil operatorların şəbəkələri daxilində ödənişsiz olacaq. Xidmət data-kartlar üçün nəzərdə tutulmuş nömrələrə şamil edilməyəcək. Xidmətdən üç ayda yalnız bir dəfə istifadə etmək mümkün olacaq.
Xatırladaq ki, dünən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə MNP sisteminin tətbiqinin ləngiməsinin mobil rabitə operatorlarının texniki baxımdan buna tam hazır olmaması ilə əlaqədar olduğunu vurğulayıb: "Mobil rabitə operatorları texniki baxımdan layihənin tətbiqinə tam hazır olan kimi, nömrələrin daşınmasına başlanacaq".
Qeyd edək ki, ilk öncə layihənin cari ilin may ayının əvvəlində, daha sonra isə iyunun əvvəlində tətbiqi planlaşdırılırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB