“Mən Azərbaycanlıyam” internet yarışması davam edir

“Mən Azərbaycanlıyam” internet yarışması davam edir

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində "Mən Azərbaycanlıyam" internet viktorinasının qalibləri elan olunub. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən nazir müavini Elmir Vəlizadə cəmiyyətdə yarışmaya marağın artdığını qeyd edib.

Onun sözlərinə görə, online yarışma Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunub və "İnformasiya- kommunikasiya texnologiyaları" ili çərçivəsində RİTN tərəfindən iyunun 1-dən etibarən keçirilir: "Yarışmanın məqsədi milli-mədəni irsimizin təbliği, bu sahədə marağın və biliklərin artırılması, vətənpərvərlik hisslərinin yüksəldilməsidir. Ay ərzində yarışmada qeydiyyatdan keçən iştirakçıların sayı artıq 10 000-i keçib. Onların 68%-i kişilər, 32%-i isə qadın istifadəçilərdir".

Tədbirin sonunda qaliblərə hədiyyələr təqdim edilib. Ay ərzində yarışma iştirakçıları arasında ən yaxşı nəticə göstərən 3 nəfər ayın qalibi seçilib. I yeri tutan Günel Ağayevaya İphone mobil telefon və mini İpad, II yeri tutan Amin Quliyevə İphone mobil telefonu, III yeri tutan Şahbaz Salmanova isə mini İpad təqdim edilib.

Məlumat üçün bildirək ki, yarışın şərtlərinə uyğun olaraq, hər iki 10 günlüklərin 10 qalibi netbuk tipli kompüterlərə, ilk 100-lüyə daxil olan digər iştirakçılar isə həvəsləndirici mükafata- "Azərfon" və "Bakcell" şirkətləri tərəfindən təqdim edilən 10 manatlıq mobil telefon danışıq kartlarına sahib olublar. Yarışmada www.azerbaycanliyam.az veb-saytı və "Facebook" sosial şəbəkəsi vasitəsilə iştirak etmək mümkündür.

Qeyd edək ki, yarışma dekabrın 1-dək davam edəcək və hər 10 gündən bir qaliblərin mükafatlandırma mərasimi, dekabrın ilk həftəsi isə super final keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə