Qanun layihəsi 3-cü oxunuşda qəbul olundu Yenilənib

"Yeyinti məhsulları ilə bağlı yoxlamalar məsələsinə yenidən baxılmalıdır"
Qanun layihəsi 3-cü oxunuşda qəbul olundu Yenilənib

Parlamentin bugünkü iclasının gündəliyinə daxil edilən sonuncu məsələ "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsi olub. SİA-nın məlumatına görə, qanun layihəsi barədə məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanun ölkəmizdə sahibkarlıq sahəsində aparılan yoxlamaların təşkili və həyata keçirilməsi qaydalarını tənzimləyir.

Z.Səmədzadə bildirib ki, sənəd sahikarlığın effektiv fəaliyyətinə müsbət təsir göstərəcək: "Birinci oxunuşda və komitələrdə müzakirələr zamanı yoxlamaların tətbiq dairəsi ilə bağlı müddəanın dəyişməsinə dair təkliflər verilib və bu müddəa deputatların ciddi narazılığına səbəb olub. Lakin qanunun təşəbbüskarları ilə müzakirədə bu təklif qəbul edilmədiyindən layihədə heç bir dəyişiklik olmadı".

Millət vəkili Fazil Mustafa qanunun yaxşı niyyətlə hazırlanmasına baxmayaraq, real vəziyyəti dəyişdirməyəcəyini söyləyib. Onun sözlərinə görə, sahibkarlar yenə də rayonlarda təmir-bərpa işlərinə vəsait xərcləməyə cəlb olunacaqlar: "Mülkiyyət toxunulmazlığı hansı səviyyədədir? Kimsə icazəsiz sahibkarlıqla məşğul ola bilərmi? Azərbaycanda inhisarçılıq aradan qaldırılmalıdır. Bir neçə sahədə inhisarçılıq qala bilər, ancaq parçadan iynəyə, meyvəyə qədər bütün sahələrdə inhisarçılığın olması yolverilməzdir".

Millət vəkili Qənirə Paşayeva 95 illiyini qeyd etdiyimiz Milli Ordunun yaradılmasında böyük rol oynamış ilk müdafiə naziri Səməd bəy Mehmandarovdan danışıb: "Səməd Ağa Mehmandarov Çəmbərəkənd qəbirstanlığında basdırılıb, qəbri Həzi Aslanovun qəbrinin yaxınlığında olub. Lakin sovet dövründə Kirovun abidəsi ilə bağlı oradan köçürülüb və sonradan da izi itirilib. Bakının işğaldan azad edildiyi gün -sentyabrın 15-nə qədər Türk şəhidliyinin yaxınlığında Səməd bəy Mehmandarovun abidəsinin ucaldılması yaxşı olardı. Hazırda Əliağa Şıxlinskinin də Yasamal qəbirstanlığındakı məzarı baxımsızdır. Biz generallarımıza sahib çıxmalıyıq".

Millət vəkili Zahid Oruc yoxlama adı gələndə sahibkarları titrəmə tutduğunu söyləyib: "Çünki yoxlamalar başqa məqsədlər daşıyır. Korrupsyiaya qarşı mübarizə tədbiri kimi bu qanunun qəbulu mühümdür".

Millət vəkili Qüdrət Həsənquliyev isə deyib ki, kənd təsərrüfatı və emal müəssisələri Azərbaycanın tələbatını ödəmir: "Biz satış mağazalarına diqqət yetirsək, görərik ki, satılan ərzaq məhsullarının əksəriyyəti xarici məhsullardır. Çünki əhalinin yerli məhsullara inamı yoxdur. Müzakirəyə çıxarılan qanunda qeyd olunur ki, yuxarı risk qrupuna daxil olan müəssisələrdə 6 ayda bir dəfə yoxlama aparılır. Ancaq yeyinti məhsullarının keyfiyyəti hər gün dəyişə bilər. Bu, elektrik naqili deyil. Müvafiq qurumlara səlahiyyət verməliyik ki, istənilən vaxt belə müəssiəslərdə yoxlama keçirə bilsinlər. Mərhum prezident Elçibəy deyirdi ki, elə məsələlər var ki, zamanla həllini tapır. Biz belə məsələlərdə sahibkarların yox, əhalinin maraqlarını əsas götürməliyik. Qanun mütərəqqidir, ancaq yeyinti məhsulları ilə bağlı yoxlamalar məsələsinə yenidən baxılmalıdır".

Spiker Oqtay Əsədov bildirib ki, Azərbaycanda yeyinti sənayesi sürətlə inkişaf edir: "Keyfiyyətsiz məhsul rəqabətə dözməyəcək. Digər tərəfdən, növbədənkənar yoxlamalar da keçirilə bilər".

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə