SAM Koreya-Mərkəzi Asiya-Azərbaycan mövzusunda seminar keçirəcək

SAM Koreya-Mərkəzi Asiya-Azərbaycan mövzusunda seminar keçirəcək

Prezident yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda "5-ci Koreya – Mərkəzi Asiya Beynəlxalq Seminarı" keçiriləcək. SAM-dan SİA-ya verilən məlumata görə, ilk dəfə Bakıda təşkil olunan seminar "Mərkəzi Asiya və Azərbaycanda iqtisadi islahatlar və açıq iqtisadi siyasət: Koreya - Mərkəzi Asiya - Azərbaycan iqtisadi əməkdaşlığını gücləndirmək üçün atılan addımlar" mövzusunda olacaq.

Seminarda Azərbaycan və Cənubi Koreya alimləri ilə yanaşı Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan qonaqların iştirakı və çıxışı planlaşdırılır.

Seminarda giriş sözünü Azərbaycan tərəfdən Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Koreya tərəfdən isə parlamentin üzvü Hwang Jin Ha, Koreyanın Azərbaycandakı səfiri Choi Suk-Inn və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun nümayəndəsi Jeong Yeo Cheon söyləyəcək.

Tədbirdə ilk sessiya "Koreya və Azərbaycan arasında iqtisadi əlaqələrin qiymətləndirilməsi və Azərbaycanın iqtisadi inkişafının perspektivləri" mövzusunda olacaq. Sessiyada Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Vüsal Qasımlı, Azərbaycan Dövlət İqtisad Universiteti yanında İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru Rasim Həsənov və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun elmi işçisi Jo Young Kwan çıxış edəcəklər.

Digər panellərdə "Mərkəzi Asiya ölkələrinin sənaye diversifikasiyası strategiyası və iqtisadi inkişaf üçün tədbirlər" və "Mərkəzi Asiya ölkələrinin açıq iqtisadi siyasəti və Koreya - Mərkəzi Asiya - Azərbaycan əməkdaşlığına dair tədbirlər" mövzusunda müzakirələr olacaq.

Prezident yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun arasında əməkdaşlığı gücləndirmək üçün Anlaşma Memorandumu imzalanması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə