Lənkəranda fəaliyyət göstərən baytar apteklərində reydlər keçiriləcək

Lənkəranda fəaliyyət göstərən baytar apteklərində reydlər keçiriləcək

Lənkəranda baytarlıq əczaçılığı ilə məşğul olan obyektlərə nəzarət gücləndiriləcək. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hələ də apteklərdə qeyri-qanuni dərman preparatlarına rast gəlinir. O cümlədən bəzən bu dərmanlar uyğun olmayan şəraitdə saxlanılır. Lənkəran Rayon Baytarlıq İdarəsinin rəisi Rövşən Əliyev qeyd edib ki, yaxın vaxtlarda şəhərdə fəaliyyət göstərən bir sıra baytarlıq apteklərində reydlərin keçiriləcək. "Baytarlıq haqqında" qanuna görə, mülkiyyət formasından asılı olmayaraq, heyvan və heyvan mənşəli məhsulların satışı həyata keçirilən bütün müəssisələrdə dövlət baytarlıq nəzarətinin aparılması məcburidir.

Qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, saxta, vaxtı keçmiş, üzərində etiket göstəriciləri qeyd olunmayan, satışı qanunla qadağan edilən, özləri tərəfindən qablaşdırılaraq satışa çıxarılan dərman-preparatlarının zərərsizləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək.

Rövşən Əliyev əlavə edib ki, pərakəndə satışı həyat keçirilən baytarlıq dərman preparatları əsasən Rusiya, İran, Türkiyə, qismən isə Polşa, Hollandiya, Avstriya, İordaniya və digər ölkələrdən qanunsuz olaraq gətirilir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə