Nazir:"10 ildə qeyri-neft sektoruna qoyulan investisiyalar 18,7 dəfə artıb"

Nazir:"10 ildə qeyri-neft sektoruna qoyulan investisiyalar 18,7 dəfə artıb"

"Son 10 ildə Azərbaycanda həyata keçirilmiş məqsədyönlü sosial iqtisadi siyasət nəticəsində ümumdaxili məhsul 3,4 dəfə, onun adambaşına düşən həcmi 3 dəfə, sənaye istehsalı 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə artıb. Büdcə kəsirinin ÜDM nisbəti 1 faizi keçməyib. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti 1995-ci ildən bu günədək ölkə iqtisadiyyatına 144,4 milyard dollar həcmində investisiya qoyulmasını təmin edib"

SİA-nın xəbərinə görə, bunu Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci ildən sonrakı dövr üçün milli məsləhətləşmələrin nəticələri ilə bağlı keçirdiyi konfransda çıxışı zamanı Azərbaycan iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, ümumilikdə son 10 ildə qeyri-neft sektoruna qoyulan investisiyalar 18,7 dəfə, daxili investisiyalar isə 22,1 dəfə artıb.

Bu nailiyyətlər ölkədə yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaratdığını deyən, nazir qedy edib ki, əgər 2002-ci ildə ölkədə yoxsulluq səviyyəsi 46,7 % təşkil edirdisə 2012-ci ildə bu göstərici 6 % təşkil edib. Bununla da 2015-ci il üçün hədəf müəyyən edilmiş yoxsulluq səviyyəsinə artıq nail olunub.

Şahin Mustafayev həmçinin bildirib ki, Azərbaycan 2020 inkişaf konsepsiyası çərçivəsində sahibkarlığın inkişafına geniş imkanlar yaratmaq, biznes mühitinin daha da yaxşılaşdırılması, innovativ, bilik iqtisadiyyatının formalaşdırılması, iqtisadiyyatın intellektual texnoloji səviyyəsinin artırılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi əsas istiqamətlərdəndir.

Nazir onu da əlavə edib ki, ölkədə yaradılan iş yerlərinin sayı son 10 ildə 1 milyon 100 mini keçib. Bunlardan regionlarda 869 min yeni iş yeri yaradılıb, və bununla da ölkədə aparılan məqsədyönlü siyasət nəticəsində işsizliyin səviyyəsi 5,2 faizə qədər enib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə