Azərbaycandan xaricə qaz və neft nəqli azalıb

Azərbaycandan xaricə qaz və neft nəqli azalıb

Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə bu ilin yanvar-may ayları ərzində 13,8 milyon ton neft ötürülüb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2013-cü ilin yanvar-may ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 18,1 milyon ton neft nəql edilib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 4,2% azdır. Bundan başqa Səngəçal terminalından BTC kəməri ilə 1,3 mln. ton tranzit Türkmənistan nefti nəql edilib. Bu da ötən ilə nisbətən 7% azdır.

Bununla yanaşı, hesabat dövründə Azərbaycanın magistral qaz kəmərləri ilə 8,5 mlrd. kubmetr qaz nəql edilib ki, ötən ilin yanvar-may ayına nisbətən ötürülmüş qazın həcmi 2,3% azalıb. Nəql edilmiş qazın 20,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmər vasitəsilə cari ilin ilk beş ayında 1,8 milyard kubmetr qaz nəql olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə dəyişməz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə