Sentyabrda Bakı ətrafı qəsəbələr fasiləsiz su ilə təmin olunacaq

Sentyabrda Bakı ətrafı qəsəbələr fasiləsiz su ilə təmin olunacaq

"Azərsu" SC yaxın iki ay ərzində Ceyranbatan-Qala su kəmərinin inşasını başa çatdıracaq. "Azərsu" SC-dən SİA-ya verilən məlumata görə, avqust ayında Ceyranbatan sutəmizləyici qurğular kompleksindən Qala qəsəbəsinədək olan su kəmərinin inşasını başa çatdıracaq.

Qeyd edək ki, tikinti işləri Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası çərçivəsində aparılır. SC-dən bildiriblər ki, hazırda magistral xəttin Ceyranbatan sutəmizləyici qurğular kompleksindən Qala qəsəbəsinədək olan 61 km-lik hissəsinin 33 km-də işlər yekunlaşıb.

Bundan başqa Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası çərçivəsində kəmərin qalan hissəsində qaynaq və boruların xəndəyə düzülməsi işləri həyata keçirilir. Abşeron rayonu ərazisində "+ 118 Atyalı" su anbarı inşa edilir. Bununla yanaşı Ceyranbatan sutəmizləyici qurğular kompleksindən həmin anbara qədər uzunluğu 11 km olan xəttin tikintisi yekunlaşmaq üzrədir.

Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.

"Qeyd olunan Dövlət Proqramı çərçivəsində "Azərsu" Bakı şəhəri və Abşeron rayonunun 36 kənd və qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üzrə kompleks işlər həyata keçirir. Məhsuldarlığı saniyədə 6 kubmetr olacaq Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun istismara verilməsi və Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral kəmərinin çəkilişi Abşeron yarımadasında 1 milyondan artıq sakinin içməli su təchizatının yaxşılaşmasına səbəb olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə