Sahibkarları prezident İlham Əliyevin seçkilərdəki namizədliyini dəstəkləyəcək

Sahibkarları prezident İlham Əliyevin seçkilərdəki namizədliyini dəstəkləyəcək

Bu gün Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının IV Qurultayı işə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, İqtisadi inkişaf naziri Şahin Mustafayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə iştirak ediblər. Tədbirdə İqtisadi İnkişaf naziri Şahin Mustafayev Azərbaycan prezidenti İlham Əliyevin Qurultaya ünvanladığı təbrik məktubunu nümayəndələrin diqqətinə çatdırıb. Məktubda bildirilib ki, 1999-cu ildə yaradılmış, özündə minlərlə sahibkarları birləşdirən Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) son illərdə daha da inkişaf edərək, ölkənin ictimai həyatında öz layiqli yerini tutub. Bundan başqa ölkə başçısı qeyd edib ki, bu gün Azərbaycanda dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirilib. Ölkədə istehsal olunan ümumi daxili məhsulun həcmində özəl sektorun payı 83%-ə çatıb. Bununla yanaşı ölkə başçısı əlavə edib ki, sahibkarlığın dəstəklənməsi dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir: "Zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində görülən ardıcıl işlər, özəl sektorun inkişafında dövlət qayğısı nəticəsində sahibkarların sayı sürətlə artır, ən müasir texnologiyalara əsaslanan rəqabət qabiliyyətli müəssisələr açılır. Ölkə iqtisadiyyatında investisiya qoyuluşu genişlənir. Azərbaycanın iş adamları dünyanın bir çox ölkələrində qarşılıqlı fayda əsasında işgüzar əlaqələr quraraq uğurla fəaliyyət göstərirlər".

Daha sonra Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov tədbirdə çıxış edərək bildirib ki, son 10 ildə Azərbaycan üç dəfə iqtisadi artıma nail olub. Yeni iş yerlərinin açılması nəticəsində, işsizlik səviyyəsi 5,5%-ə, yoxsulluq 49%-dən 6%-ə enib. Bu müddət ərzində ölkədə əməyin mühafizəsinə də böyük diqqət yetirilib. Qeyri-leqal məşğulluğun aradan qaldırılması üzərində də işlər aparılır.

Daha sonra idarəetmə orqanlarının yaradılması, o cümlədən Qurultayın Rəyasət Heyətinin, Mandat Komissiyasının, Redaksiya Heyətinin seçilməsi ilə əlaqədar ASK-nın baş katibi Məmmədəli Əfəndiyev Təşkilat Komitəsinin təklifini verib, Qurultayın gündəliyi təsdiq olunub. Daha sonra Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev seçkilərdə İlham Əliyevin namizədliyinin birmənalı dəstəklənməsini və bu barədə qurultay adından ölkə prezidentinin ünvanına bəyannamə qəbul edilməsi təklifi ilə çıxış edib.

Qurultay iştirakçıları dövlət başçısına ünvanlanan bəyannaməni yekdilliklə qəbul ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə