Avtobus kartları bu aydan istifadə olunacaq

Avtobus kartları bu aydan istifadə olunacaq

"Paytaxtda ictimai nəqliyyatda kart ödəniş sisteminə iyun ayından başlanacaq". SİA-nın məlumatına görə, bunu Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib. Nazirlik rəsmisi həmçinin əlavə edib ki, kart sisteminə tam keçid prosesi 2014-cü ilin sonlarında yekunlaşacaq: "Kartlardan məlumatın hesablanması üçün 100-dən artıq avtobusda validator quraşdırılıb. Tezliklə ölkəyə çatdırılacaq daha 395 validator quraşdırılmalıdır. Bu istiqamətdə hazırlıq işləri aparılır".

Bu ayın sonunadək 29 marşrutu əhatə edəcək 500-dək avtobusda kart ödəniş sisteminə keçid təmin ediləcəyini deyən Namiq Həsənov 200 mindən artıq kart buraxıldığını diqqətə çatdırıb: "Hər biri 1 manat dəyərində olan bu kartlar ticarət sistemində ödənişləri həyata keçirmək və Bakı Metropolitenində gediş üçün istifadə edilə bilərlər. Kartların buraxılışı "Bank of Azerbaijan" tərəfindən həyata keçirilir, lakin bu prosesə digər banklar da maraq göstərirlər. Əhalinin müxtəlif təbəqələrinə güzəştlərin tətbiqi imkanları da istisna edilməyib."

Qeyd edək ki, kartların satışı 5 min obyektdə nəzərdə tutulur. Bundan başqa karta vəsait "MilliÖn" terminallarında yüklənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə