Qarşıdan gələn 10 il ərzində Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafı üçün texnoparkların sayını artıracaq. Bunu SİA-ya eksklüziv açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu sahənin inkişafı Azərbaycanda fərqli şəkildə aparılır: "Qonşu ölkələrlə müqayisə etdikdə bu təcrübə dünyanın heç bir ölkəsində tətbiq edilməyib. Hətta qonşu Türkiyədə belə texnoparklar yalnız əlavə dəyər vergisindən azaddır. Rusiyada isə az sayda vergilərdən azaddır. Ancaq Azərbaycanda texnoparklar bütün vergilərdən azaddır".
Vüqar Bayramovun sözlərinə görə, texnoparkların yaradılması və eləcə də dəstəklənməsi neft sektorunun inkişaf potensialının artmasına dəstək olacaq. Müsahibimiz həmçinin əlavə edib ki, qeyri-neft sektorunun sürətli inkişafı zəruridir: "Çünki 2010-cu ildən başlayaraq neft sektorunda azalma müşahidə edilir. 2010-cu ildə Azərbaycan 51 milyon ton neft hasil edilirdisə, proqnozlara görə 2013-cü ildə bu rəqəm 43 milyon tona qədər azalacaq. Amma qeyri-neft sektorunda müşahidə edilən artım tempi dövlət büdcəsindəki artım tendensiyasının qorunub saxlanmasına xidmət edir".
V.Bayramov bildirib ki, "Qızıl onillik" çərçivəsində dövlət büdcəsinin gəlir hissəsini qoruyub saxlamaq mümkün olacaq. İqtisadçı-ekspertin sözlərinə görə, hazırda Azərbaycanın dövlət büdcəsinin gəliri 25 milyard dollara yaxındır. Növbəti 10 ildə dövlət büdcəsinin gəlirlərinin 40 milyard dollardan artıq olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, bu da praktiki olaraq büdcə gəlirlərini ÜDM-də olduğu kimi 2 dəfəyə yaxın artması deməkdir. Eyni zamanda dövlət büdcəsindən sosial proqramlara ayrılan vəsaitlərin həcmində artımlar olacaq.
V.Bayramov bildirib ki, qarşıdakı 10 il ərzində əmək haqqı və pensiyaların artması gözlənilir. Hazırda ölkəmizdə orta aylıq əmək haqqı 405 manatdır. 2023-cü ilin proqnozlarına görə, orta aylıq əmək haqqının təqribən 800 manata qədər artması gözlənilir. Özəl sektorda çalışanların alacaqları orta aylıq əmək haqqı isə 1000 manatdan çox olacaq.
İqtisadçı qeyd edib ki, pensiyalarda da artım müşahidə ediləcək. Bundan başqa növbəti onillikdə bütün makroiqtisadi göstəricilər ən azı iki dəfə artacaq. Onun fikrincə, növbəti 10 ildə makroiqtisadi göstəricilərlə yanaşı müxtəlif yeni proqramların reallaşdırılacağı gözlənilir. Həmin proqramlardan biri mənzil təminat fondunun formalaşdırılmasıdır ki, artıq Azərbaycanda mənzil məcəlləsində belə bir fondun yaradılması nəzərdə tutulub.
V.Bayramov qeyd edib ki, növbəti illərdə dövlət büdcəsi hesabına həyata keçirilən maliyyələşdirilmə nəticəsində vətəndaşlara uzun müddətli dövrə aşağı məbləğli ödənişlə mənzillər təklif olunacaq: "Təklif olunan mənzillər imkan verəcək ki, vətəndaşlar aylıq olaraq cüzi ödənişlə mənzillərə sahib ola bilsin. Artıq bu məsələ parlamentdə də müzakirə olunub. Güman olunur ki, yaxın günlərdə bununla bağlı ciddi real addımlar atılacaq. Qonşu Türkiyə Cumhuriyyətində mənzil təminat fondu fəaliyyət göstərir. Mənzil təminat fondu imkan verir ki, vətəndaşlar orta hesabla aylıq 80 dollar ödəməklə 2 otaqlı mənzil sahibi olsun. Azərbaycan vətəndaşları da növbəti "Qızıl onillik" də mənzil təminat fondunun təklif etdiyi layihələrdən faydalana biləcəklər. Onlar 100 manat vəsait ödəməklə mənzil sahibi olacaqlar".
Onun sözlərinə görə, bütün bunların fonunda ölkə də yoxsulluq həddi azalacaq.
Qeyd edək ki, hazırda ölkədə yoxsulluq həddi 7 faizə yaxındır. Güman olunur ki, 2023-cü ildə yoxsulluq həddi minimuma - 1 faizə düşəcək. Bununla da yoxsul təbəqə artıq orta təbəqəyə çevrilməyə başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB