Yeni tikililərin qiyməti artıb

Paytaxtın ilkin mənzil bazarında qiymət artımı müşahidə olunub. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən SİA-ya verilən məlumata görə, İctimai Birliyin monitorinq qrupu tərəfindən 2013-cü ilin aprel ayında paytaxtın ilkin mənzil bazarında növbəti araşdırma aparılıb. Araşdırmanın nəticələrinə görə, ötən ilin avqust ayından başlayan qiymət artımı aprel ayında da davam edib. Artım həm qiymət, həm də bağlanan əqdlərin dinamikasında müşahidə edilib. Mövsümi amillərin bu faktorda böyük rolu olsa da, qiymət artımına ipoteka kreditlərinin bu seqmentə təsiri, tikinti şirkətlərinin kredit portfelinin həcmini artırmaları, paytaxtın bəzi ərazilərində gedən tikinti-quruculuq işləri ilə əlaqədar nəğd vəsaitlər əldə edən əhalinin alıcılıq qabiliyyətinin artması da təsir göstərib.

İctimai Birlikdən verilən məlumata görə, alqı-satqı agentliklərinə müraciətlərin sayında və bağlanan əqdlərdə artım müşahidə edilib.

Beləliklə, son ayın araşdırmasına diqqət yetirilsə, aprel ayında təklif portfelində orta qiymətdən yuxarı qiymətə satışa çıxarılan mənzillərin payı artıb. Aprel ayında paytaxt ərazisində Sabunçu və Xətai rayonlarında yeni yaşayış binalarının bünövrəsi qoyulub. Yeni tikililər 2 və 1 blolku olmaqla 16 və 10 mərtəbəlidir. Yasamal rayonunda isə 1 yeni tikilinin satışdan çıxması qeydə alınıb. Beləliklə, ötən aydakı 400 araşdırılan binanın sayı aprel ayında 401 ədəd olub. Tikinti şirkətlərin sayı ötən aydakı kimi 135 ədədə qarşı 134 olub.

Qiymət artımına bir çox amillərlə yanaşı, tikinti həcminin azalması nəticəsində ucuz qiymətli və keyfiyyətli mənzillərin təklif portfelində tədricən tükənməsi və nəticədə əvvəllər satılmayan mənzillərin təklif portfelində paylarının artması səbəb olub.

Beləliklə apreldə aparılan araşdırmalar zamanı paytaxtın ilkin mənzil bazarında baş verən qiymət dəyişməsi 0,8% artım təşkil edib. Bağlanan əqdlərin dinamikası da yüksələn tendensiya ilə müşahidə edilib.

Qeyd etdiyimiz kimi, aprel ayında ilkin mənzil bazarı üzrə qiymətlər artıma meylli olub və paytaxt üzrə bazara təklif edilən yeni tikililərdə bir kvadrat metr üzrə orta qiymət göstəricisi ötən aydakı 857,8 manata qarşı 0,8% artaraq 864,3 manat təşkil edib. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 2,9%, ötən ilə nisbətdə isə 5,4% artımla yadda qalıb.

2008-ci ilin sentyabr ayı ilə müqayisədə isə qiymət azalması 27,6% təşkil edib. Qeyd edək ki, həmin dövr üçün 1 kv.metr mənzilin qiyməti 1194 manat olub.

Orta qiymətdə 0,8% artım qeydə alındığından qiymət indeksi mart ayındakı 328.1 səviyyəsindən 2,6 bənd artaraq 330.7 bənd səviyyəsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə