23-24 may tarixlərində Bakıda, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 11-ci İllik Konfransı keçiriləcək. Konfransın yerli təşkilatçısı olan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov SİA-ya bildirib ki, bu Konfrans Parlament Şəbəkəsinin 200-dən artıq parlamentarisini, vətəndaş cəmiyyəti, tərəfdaş təşkilatların rəhbərlərini və Dünya Bankı, BVF və regional inkişaf bankları daxil olmaqla, bir sıra Beynəlxalq Maliyyə İnstitutlarının yüksək vəzifəli rəsmilərini bir yerə toplayan flaqman tədbiridir. Onun sözlərinə görə, Bakıdakı konfransda iştiraklarını artıq dünyanın 74 ölkəsindən 235 nəfər təsdiq edib: "Onların sırasında 4 ölkənin parlamentlərinin spikerləri, 3 vitse-spiker, komitə sədrləri, milli parlamentlərin deputatları, Dünya Bankı və BVF-nun rəhbərliyində təmsil olunan şəxsləri qeyd etmək olar. Onu da qeyd edim ki, konfransın başlanmasına cəmi bir neçə gün qalmasına baxmayaraq konfransda iştirak etmək istəyənlərin müraciətləri hələ də daxil olmaqdadır. Biz bunu konfransa və Azərbaycana olan maraqla izah edirik".
Elxan Süleymanov deyib ki, İllik Konfrans həm üzvlərin illik ümumi iclası, həm də inkişaf konfransıdır: "Müxtəlif inkişaf səhmdarları arasında düşünmə və müzakirə üçün canlı vaxt olmaqla, İllik Konfrans növbəti il üçün Şəbəkənin siyasətini müəyyən etmək imkanıdır. İki-üç günlük proqram həvəsləndirici və məlumat xarakterli sessiyalar, eləcə də müzakirə üçün bir çox imkanlardan ibarətdir. Bu vaxta qədər Şəbəkənin konfransları Haaqa, London, Bern, Afina, Helsinki, Keyptaun, Paris və Brüssel kimi şəhərlərdə keçirilib".
"Parlament Şəbəkəsi və Azərbaycan arasında ümumi diqqət mərkəzində olan məsələlərə digər işlərlə bərabər, təbii ehtiyatların idarə edilməsi üzrə şəffaflıq, vətəndaş cəmiyyətində sosial inkişaf və maraq yaratması daxildir. XI İllik Konfrans üçün təklif edilən mövzular qeyri-neft sektorunun inkişafı, hökümət qərarlarında parlamentin iştirakı və yardımın səmərəliliyi mövzularını əhatə edəcək"-deyə assosiasiyanın prezidenti əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB