Şamil Quliyev: “Azərbaycanda bal istehsalı əhalinin təlabatını ödəmir”

Şamil Quliyev: “Azərbaycanda bal istehsalı əhalinin təlabatını ödəmir”

Bu gün Azərbaycanda bal istehsalının həcmi 1500-1600 ton həddindədir. Əhalinin sayını nəzərə alsaq, ildə hər bir adama 150 qram bal düşür. Azərbaycan "Arıçılar İttifaqı"nın sədri Şamil Quliyev SİA-ya verdiyi açıqlamada bildirib ki, dünyada qəbul olunmuş normaya görə, adambaşına düşən bal istehlakı 0,4 kq olmalıdır.

Qurum rəhbəri həmçinin qeyd etdi ki, Azərbaycan əhalisinin statistikasını götürəndə ölkəmizdə hər il 4500 ton bal istehsal olunmalıdır: "İstehsalın aşağı olmasının səbəbi isə ondan ibarətdir ki, Azərbaycanda arı ailələrinin sayı azdır. Bununla yanaşı, arı ailələrinin orta məhsuldarlığı aşağıdır. Məhsuldarlığın çox olması üçün bu sahəyə dövlət tərəfindən xüsusi diqqət ayrılmalıdır. Hazırda arıçılıq məhsulları həvəskar arıçılıq təsərrüfatında istehsal olunur. Həvəskar arıçı da çalışır ki, sata biləcəyi qədər məhsul istehsal etsin. Məhsulun istehlakçıya çatdırılması və marketinq məsələsi lazımı səviyyədə qurulmayıb".

İttifaq sədrinin sözlərinə görə, Azərbaycanda zəngin arı genefondu var. Lakin bu arı genefondunun üzərində seleksiya işi aparılmalıdır. Seleksiya xüsusi dövlət proqramı ilə həyata keçirilərsə, o zaman məhsuldarlıq 45-50 faiz arta bilər.

Bundan başqa arı xəstəliklərinin qarşısını almaq üçün ölkəyə xüsusi və keyfiyyətli dərman preparatları gətirilməlidir. Şamil Quliyev qeyd etdi ki, Arıçılar ittifaqı bu məsələ ilə bağlı layihə hazırlayıb və müvafiq dövlət qurumlarına göndərib. Bundan başqa Türkiyənin "TİKA" təşkilatının yardımı ilə Azərbaycan "Arıçılar İttifaqı" damazlıq təsərrüfatı yaradıb. Bu təsərrüfatın illik ana arı istehsalı 3-min ədəddir: "Arı genefondunun zənginləşdirilməsi üçün 10 damazlıq təsərrüfatının yaradılmasına ehtiyac var. 90 qədər ixtisasladırılmış arıçılıq təsərrüfatı yaradılmalıdır". Bununla yanaşı Şamil Quliyev bildirdi ki, ümumi işlər 3-4 il ərzində həyata keçirilməlidir. Arı ailələrinin sayı 500-600 minə çatmalıdır ki, balın istehsalını 15-min ton artırmaq mümkün olsun.

Bütün xəbərlər Facebook səhifəmizdə