Rusiya neftin nəqlini dayandırdı

Rusiyanın baş naziri Dmitri Medvedev ölkəsi ilə Azərbaycanda mövcud olan Bakı-Novorossiysk kəməri ilə nəql olunan neftin nəqlinin dayandırılmasına dair qərar verib. SİA-nın İTAR-TASS agentliyinə istinadən yaydığı xəbərə görə, qərar mayın 5-də imzalanıb. Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib ki, nəqlin dayandırılması ilə bağlı Rusiya tərəfi onlara rəsmi məlumat verməyib.

Rusiyanın "Transneft" şirkətinin təmsilçisi İqor Dyomin isə bildirib ki, rəsmi Bakı "Rusiya və Azərbaycan arasında imzalanan Azərbaycan neftinin Rusiya ərazisi vasitəsilə tranziti haqqında" hökumətlərarası sazişin şərtlərini son 5 ildə yerinə yetirməyib və sənəddə nəzərdə tutulandan 2 dəfə az neft tranzit edib: "Sazişin şərtlərinə görə, Azərbaycan ildə 5 mln. ton neft tranzit etməli olsa da, faktiki olaraq 2 mln. ton neft tranzit edib. Tranzitdən əldə olunan gəlirlər "Transneft"in neft boru sisteminin tələb olunan texnoloji vəziyyətdə saxlanmasına xərclənən vəsaitləri ödəmirdi".

Xatırladaq ki, Rusiya hökuməti Azərbaycan neftinin RF ərazisi ilə tranzitinə dair iki ölkə arasında 1996-cı il yanvarın 18-də saziş imzalmışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə