Azərbaycanda nüfuzlu şirkət cərimələndi

Azərbaycanda nüfuzlu şirkət cərimələndi

Azərbaycanda fəaliyyət göstərən "Engin LTD" MMC İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən cərimələnib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, reklam yayımı sahəsində aparılan monitorinqlər zamanı məlum olub ki, "Engin LTD" MMC "Blend-a-med" diş məcunu, "Oral-B" diş fırçası və "Always-Ultra" qadın bezlərinin reklamlarında istehlakçıların seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklamdan istifadə edib. Bu səbəbdən həmin reklamların sifarişçisi olan "Engin LTD" MMC-yə qanunsuz reklamların yayımının dayandırılması barədə göstəriş verilib və reklamların mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin edilib. Bununla yanaşı yol verilmiş qanun pozuntusu ilə əlaqədar "Engin LTD" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və müvafiq məlumatların təqdim edilməsi "Engin LTD" MMC-dən tələb edilib. İşə baxılarkən müəssisə tərəfindən antiinhisar orqanına düzgün olmayan məlumatların təqdim edildiyi müəyyən edilib. İstehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklamdan istifadə etməklə haqsız rəqabətə yol verdiyinə, habelə antiinhisar orqanına düzgün olmayan məlumatlar təqdim etdiyinə görə "Engin LTD" MMC-yə 1784 484 manat maliyyə sanksiyası tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə