"Avtomobil yolları haqqında" qanuna ciddi dəyişikliklər ediləcək. SİA-nın məlumatına görə, bununla bağlı qanun layihəsi Milli Məclisin İqtisadi Siyasət komitəsinin bu gün keçirilən iclasında geniş müzakirəyə çıxarılıb.
Komitə sədri Ziyad Səmədzadə qanun layihəsi haqda məlumat verərək bildirib kİ, sənəddə avtomobil yollarının, bütövlükdə yol infrastrukturunun inkişafı ilə bağlı ciddi dəyişikliklər təklif olunur.
Sonra qanun layihəsi ilə millət vəkillərini tanış edən Nəqliyyat Nazirliyinin hüquq şöbəsinin müdiri Adil Süleymanlı deyib ki, son illər ölkədə gedən güclü iqtisadi inkişaf yol-nəqliyyat sferasında da ciddi dəyişikliklərin əsasını qoyub və artıq bu sahədə də sürətli inkişaf meylləri özünü göstərməkdə, böyük layihələr həyata keçirilməkdədir: "Qanun layihəsində ayrıca "şəhər avtomobil yolları" adlı maddənin əksini tapması təklif olunur ki, burada da şəhər avtomobil yollarının ümumi istifadədə olan avtomobil yollarının tərkibinə daxil olmaqla, şəhərlərin inzibati-ərazi hüdudları daxilində olan küçə və prospektləri əhatə etməsi nəzərdə tutulur. Həmçinin təklif olunur ki, ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq razılıq olmadan və ya razılıq şərtləri pozulmaqla, inşa edilmiş hər cür tikili- qurğular qanunsuz hesab ediləcək və bu tikili-qurğular onların özbaşına inşasına yol vermiş hüquqi və fizikin şəxsin qüvvəsi, yaxud da vəsaiti hesabına söküləcək".
A.Süleymanlı onu da qeyd edib ki, bu məsələ mövcud qanunda əksini tapmasına baxmayaraq, yeni təklif olunan variantda ölkədə ödənişli yollarla bağlı məsələnin daha təkmilləşdirilmiş forması da öz əksin tapır, yəni, ödənişli avtomobil yolu istifadəçisi gediş üçün ödənişi həmin yolun sahibi ilə bağlanmış müqavilə əsasında həyata keçirəcək: "Müqavilənin bağlanması isə gediş üçün ödəmə sənədi ilə təsdiq ediləcək".
Qanun layihəsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Vahid Əhmədov düzəlişlərin çox vacib olduğunu deyib. O, həmçinin, yolların qorunma zolaqlarının 25 metrdən ən azı 50 metrə qədər artırılmasını zəruri hesab edib.
Millət vəkili Əli Məsimli ölkədə tikinti bumu ilə yanaşı, paralel şəkildə yol infrastrukturu bumunun da getməli olduğunu söyləyib. O, ödənişli yollar məsələsinə diqqəti yönəldərək, artıq bu praktikanın nəinki Avropada, o cümlədən, Cənub-Şərqi Asiyada da tətbiq olunduğunu və bunun böyük effekt verdiyini iddia edib.
Millət vəkili Ayaz Orucov diqqəti iritonnajlı avtomobillərin şəhər yollarını bərbad hala salması, eyni zamanda, kənd yolların mövcud durumuna yönəldib. O bildirib ki, bəzən 10-20 tonluq yük maşınlarına 40-40 ton yük vurulur və nəticədə də milyonlarla manat vəsait hesabına çəkilmiş, təmir olunmuş yollar bərbad hala salınır. Millət vəkili təklif edib ki, qanun layihəsində bununla da bağlı məqam nəzərdə tutulsun.
Qeyd edək ki, qanun layihəsi geniş müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB