Vüqar Bayramov: “Yeni İpoteka krediti bütün problemləri aradan qaldıracaq”
"Yeni ipoteka krediti proqramı daha çox gənclərə şamil olunmaqla sosial ipoteka kreditlərinin şərtlərinin təkmilləşdirilməsi və sadələşdirilməsini nəzərdə tutur". Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
V.Bayramovun sözlərinə görə, Mərkəzi Bank artıq Dövlət ipoteka proqramına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı açıqlama yayıb: "MB-nın hazırladığı yeni ipoteka proqramı hökümətdə, eləcə də parlamentdə müzakirə olunur. MB Azərbaycanda mənzil, tikinti banklarının yaradılmasını təklif edir. Bu bankların yaradılması birmənalı şəkildə ona imkan verəcək ki, ilkin ödəniş ödəmək imkanı olmayan Azərbaycan vətəndaşları və gənclər ipoteka krediti götürərək, mənzil ala bilsinlər. Əgər nəzərə alsaq ki, mövcud qanunverciliyə əsasən ipoteka krediti götürən zaman kreditin 20 faizi ilkin ödəniş formasında təqdim olunmalıdır, amma yeni proqram qəbul edildikdən sonra artıq gənclərin ipoteka götürən zaman ilkin ödəniş etməsinə belə ehtiyac qalmayacaq. Bu da təbii ki, imkan verəcək ki, ipoteka kreditindən aztəminatlı insanların faydalanmaq imkanları kifayət qədər geniş olsun".
İqtisadçı deyir ki, sosial ipoteka kreditlərinin şərtlərinə baxılması və elektron ipoteka kreditlərinin tətbiq edilməsi nəticəsində sosial, eləcə də adi ipoteka krediti almaq üçün tələb olunan sənədlərin sayının ən azı iki dəfə aşağı salınması nəzərdə tutulur: "Hal-hazırda ipoteka krediti almaq üçün 18 sənəd tələb olunur. Güman olunur ki, tələb olunan sənədlərin sayı səkkizə qədər azalacaq. Bu da təbii ki, imkan verəcək ki, vətəndaşlar daha az vaxt sərf edərək və sənəd toplayaraq bu xidmətdən yararlana bilsinlər. Bu eyni zamanda yalnız ailəli gənclərin deyil subay insanların da ipoteka kreditlərindən istifadəsinə imkan yaradacaq. Nəzərə alsaq ki, hal-hazırda mövcud qanunvericiliyə əsasən yalnız ailəli gənclər bu xidmətdən istifadə edə bilir və subay gənclərin ipoteka krediti almasında çətinliklər yaradır, amma bu yeni ipoteka proqramı həmin problemləri aradan qaldırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB