Nazir dövlət qulluqçularını tənqid edib

Nazir dövlət qulluqçularını tənqid edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Bakı, Gəncə, Mingəçevir, şəhərlərindən, Abşeron, Zərdab, Astara rayonlarından olan bir qrup vətəndaşı qəbul edib, həmçinin Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Ağsu rayonlarından olan vətəndaşların müraciətləri videokonfrans sistemi vasitəsilə canlı bağlantı qurulmaqla distant formada dinlənilib. SİA-nın məlumatına görə, müraciətlərin araşdırılması zamanı ayrı-ayrı vətəndaşların ünvanlı dövlət sosial yardımı, əlillik qruplarının təyinatı və s. ilə bağlı müvafiq qanunvericilik barədə məlumatlılıq səviyyəsinin hələ də aşağı olduğu məlum olub. Həmin vətəndaşlarla müvafiq izahat işləri aparılıb. Bununla belə, bir sıra müraciətlərdə haqlı narazılıqların ifadə edildiyi və bu narazılıqların əsas səbəbinin yerli strukturların ayrı-ayrı əməkdaşları tərəfindən bəzən vətəndaşların müraciətlərinə baxılmasında səhlənkarlıq, diqqətsiz yanaşma hallarına yol verilməsi ilə bağlı olduğu müəyyən edilib.

Həmin müraciətlərdə qaldırılan məsələlərin həll olunması barədə tapşırıq verilib. Nazir vətəndaşlarla münasibətlərdə dövlət qulluqçusuna yaraşmayan hallara yol verən əməkdaşlarla əlaqədar qanunauyğun tədbirlərin görülməsi sahəsində tədbirlərin davam etdirilməsi barədə tapşırıqlar verib. Vətəndaşların qəbulu prosesində bir sıra aztəminatı ailələrə aktiv sosial müdafiə tədbirləri vasitəsilə kömək göstərilməsi, ayrı-ayrı ailələrin potensial imkanları nəzərə alınmaqla onların gələcəkdə birdəfəlik ünvanlı yardım "Özünədəstək proqramı"na cəlb edilmələri qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə