ARDNŞ-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin "Sumqayıt" Təlim, Tədris Mərkəzində (STTM) aprelin 1-də tornaçı peşəsi üzrə yekun buraxılış imtahanları keçirilib. SİA xəbər verir ki, TTSİ, "Azərikimya" İstehsalat Birliyi rəhbərliyinin, həmçinin mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən imtahan zamanı sənaye müəssisələri, o cümlədən kimya sənayesi üçün mühüm peşələrdən biri olan tornaçı ixtisası üzrə texniki peşə təhsili almış 12 nəfər gənc imtahan komissiyası qarşısında öz nəzəri biliklərini və praktiki bacarıqlarını nümayiş etdiriblər. Sınaq imtahanından əvvəl tornaçı qrupunun şagirdləri ilə görüşən ARDNŞ-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müşaviri Asif Şəfəqqətov, "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov yekun imtahanların tam obyektiv keçirilməsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb, ilk buraxılış münasibəti ilə STTM kollektivini təbrik edib, gənclərə uğurlar arzulayıblar.
ARDNŞ-ın imtahan komissiyasının tərkibi elan olunub, bildirilib ki, tərkibə ARDNŞ Baş Ofisi, "Azərikimya" İB və İnsan Resursları Departamentinin təmsilçiləri daxil edilib. Qeyd olunub ki, tələbə-tornaçılar yanvar-fevral aylarında Etilen-polietilen və Mexaniki-təmir zavodlarının, Təmir-tikinti İdarəsinin mexaniki sexlərində peşəkar tornaçılar və STTM-in təlim ustalarının, həmçinin sex mütəxəssislərinin nəzarəti altında istehsalat təcrübəsində olub, müxtəlif təyinatlı torna dəzgahlarında peşə vərdişlərinə bacarıqla yiyələniblər.
Bunu imtahanın nəticələri də təsdiq edib. STTM-in ilk məzunları müvafiq bilik və bacarıq nümayiş etdirərək, tədris proqramlarının 30 %-ni təşkil etmiş nəzəri və 70 %-ni təşkil etmiş təcrübi hissə üzrə yüksək nəticələr göstərib, istehsalata vəsiqə qazanıblar. İmtahanın nəticələsinə görə şagirdlərin hər biri öz ixtisaslarına uyğun olaraq, neft-kimya sektorunda daimi işlə təmin olunacaqlar.
Qeyd edək ki, ötən il test üsulu ilə keçirilmiş qəbul imtahanlarında uğur əldə etmiş 100 nəfər gənc sentyabr ayının 17-dən 7 ixtisas qrupu üzrə -"təmirçi çilingər", "kompressor qurğu maşinisti", "aparatçı", "elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru", "NÖC və Avtomatika üzrə çilingər","elektrik qaz qaynaqçısı" və "tornaçı" 6 və 10 ay müddətinə nəzəri və praktiki dərslərə cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB