İqtisadiyyatımızın inkişafına 132 milyard dollar sərmayə qoyulub

İqtisadiyyatımızın inkişafına 132 milyard dollar sərmayə qoyulub

"Ötən ilin may ayında baş vermiş güclü zəlzələ Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan vurub. Ölkənin mövcud iqtisadi imkanları, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədi ilə yaradılan texniki və kadr potensialı əsasında qısa müddətdə dəymiş ziyanın bərpasına başlanılıb. İlin sonuna 2974 fərdi yaşayış evi, 19 məktəb və digər obyektlər tikilib istifadəyə verilib, 3 mindən çox ailəyə evlərinin bərpası üçün maliyyə yardımı edilib". SİA-nın məlumatına görə, bunu baş nazir Artur Rasizadə deyib.

2003-2012-ci illərdə Ümumi Daxili Məhsulun orta illik artımının 13 faiz, qeyri-neft sektorunda isə 10,6 faiz təşkil etdiyini deyən baş nazir: "Əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artıb. Bu dövrdə ölkənin iqtisadiyyatı 3 dəfədən çox artıb və onun inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulub. Dövlət büdcəsi 19 dəfə, strateji valyuta ehtiyatları 29 dəfə, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artıb. Əhalinin gəlirləri, orta aylıq əməkhaqları və pensiyaların orta məbləği müvafiq olaraq 6,9, 6,3 və 6,4 dəfə yüksəlib. Bu müddətdə bir milyondan artıq yeni iş yerləri açılıb, yoxsulluq səviyyəsi 44,7 faizdən 6 faizə enib. Deyilənlər iqtisadiyyatda əldə olunan nailiyyətlərin ümumən ölkənin miqyasını dəyişdiyini əks etdirməklə yanaşı geniş imkanlar yaradır və yeni strateji hədəfləri müəyyən edir",- deyə fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə