"Kredit qoyuluşları 27,8 faiz artıb"

"Kredit qoyuluşları 27,8 faiz artıb"

Bu gün Milli Məclisdə çıxış edən baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin 2012-ci ilin yekun hesabatını verib. SİA-nın məlumatına görə, baş nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ardıcıl olaraq reallaşdırılan inkişaf strategiyası keçən il də uğurla davam etdirilib, aparılan sistemli və məqsədyönlü islahatlar yüksək sosial-iqtisadi nailiyyətlərlə nəticələnib.

Baş nazirin sözlərinə görə, hesabat ilində Ümumi Daxili Məhsulun (ÜDM) istehsalı 2,2 % artıb: "Prioritet təşkil edən qeyri-neft sektoru üzrə isə artım 9,7 % olub. İqtisadiyyata bütün maliyyə mənbələri hesabına 25,8 milyard ABŞ dolları həcmində investisiya yönəldilib. Onun 75 %-i qeyri-neft sektorunun payına düşür. İllik inflyasiyanın 1,1 % həddində saxlanılması sosialyönlü siyasət üçün əlverişli zəmin yaradıb. Strateji valyuta ehtiyatları 46 milyard dollara qədər artaraq, xarici dövlət borcunu 8 dəfə üstələyib. İcmal büdcənin gəlirləri 22,1 milyard manat təşkil edib, dövlət büdcəsinin gəlirləri isə artıqlaması ilə yerinə yetirilib".

"İl ərzində bank sisteminin maliyyə dayanıqlılığı təmin edilib, kredit qoyuluşları 27,8 faiz artıb",- deyə o əlavə edib.

Artur Rasizadə onu da qeyd edib ki, ötən il uzun müddət cəmiyyəti narahat edən daha bir problem də öz həllini tapıb: "Dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi sayəsində sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsinə başlanılıb. İlin sonuna əmanətçilərə 550 milyon manatdan artıq vəsait ödənilib və bu proses cari ildə başa çatdırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə