Bundan 14 minə yaxın istifadəçi yararlanıb

Bundan 14 minə yaxın istifadəçi yararlanıb

Sahibkarların, xüsusilə də kənd təsərrüfatı məhsulları istehsalçılarının bazara sərbəst çıxışının dəstəklənməsi, onların biznes əlaqələrinin genişləndirilməsi, mal və xidmətlərin elektron qaydada alqı-satqısının təşkili məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılan www.b2b.az portalının xidmətindən indiyədək ümumilikdə 14 minə yaxın istifadəçi yararlanıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, portala müraciət edənlər arasında Rusiya, ABŞ, Türkiyə, Çin, Ukrayna, Almaniya, Qazaxıstan, Hindistan, Belarus, Böyük Britaniya, İndoneziya, Fransa, İtaliya, BƏƏ, İspaniya, Yunanıstan, Cənubi Koreya, Danimarka, Macarıstan, Niderland və s. kimi ölkələrdən olan istifadəçilər də var.

Qeyd edək ki, 2012-ci ildə portala qida sənayesi, inşaat, logistika, İKT, təhsil, ticarət, sənaye və xidmət sektorlarında fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən bir sıra ticarət təklifləri yerləşdirilib. Azərbaycanın ilk elektron ticarət portalı olan www.b2b.az saytı "business to business" modeli əsasında qurulub. Fəaliyyət sahəsindən asılı olmayaraq bütün sahibkarlar portalın xidmətlərindən istifadə edə bilərlər. Bunun üçün portalın qeydiyyat bölməsindəki formanı dolduraraq qeydiyyatdan keçmək kifayətdir. Portaldan istifadə pulsuzdur. Sayt sahibkarların məhsulları və onların göstərdikləri xidmətlər barədə geniş məlumat əldə etməyə, həmçinin kiçik və orta sahibkarların ticarət əlaqələrinin genişləndirməsinə imkan yaradır. Elektron ticarət portalı istifadəçilərə məlumat dəstəyi də göstərir. Belə ki, portalda müxtəlif təhlil və informasiya xarakterli materiallar da yerləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə