2012-ci ildə bazara ilk məhsulunu çıxaran "Masera" MMC 2 hektarda ekoloyi cəhətdən təmiz pomidor məhsulu yetişdirib. SİA-nın cənub bürosunun verdiyi məlumata görə, tikintisinə 2011-ci ildə başlanan müəssisədə ilk pomidor məhsulu 2012-ci ilin mart ayında satışa çıxarılıb. Müəssisənin rəhbəri Mirismayıl Mirbabalı əməkdaşımızla söhbətində bildirib ki, regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 1,2 min tonluq soyuducu anbar kompleksi və 2 hektar ərazidə illik 0,7 min ton tərəvəz məhsulları istehsal etmək gücünə malik olan istixana kompleksi tikilib. Layihəyə 5 milyon manat investisiya qoyulub. Layihənin icrası nəticəsində müəssisədə 32 nəfər daimi, 60 nəfərmövsümi işlə təmin olunub. Burada çalışanların orta aylıq əmək haqqı 300-350 manat təşkil edir. Türkiyə və Niderland texnologiyası əsasında qurulmuş istixana kompleksində istehsal olunan tərəvəz məhsulları gələcəkdə xarici ölkələrə də ixrac ediləcəkdir. İstixanada bitkilərin suvarma və gübrələnməsi insan əli dəymədən avtomatik üsulla həyata keçirilir. Təsərrüfatda növbəli üsulla xiyar və pomidor məhsulu yetişdirilir.
Açılışında ölkə başçısı İlham Əliyevin də iştirak etdiyi müəssisədə gələcəyə hesablanmış planlar qururlur. Hazırda daxili və xarici bazarların tərəvəz məhsulları ilə davamlı təmin edilməsi üçün istixana kompleksinin ərazisinin daha 2 hektar genişləndirilərək 4 hektara çatdırılması nəzərdə tutulub. Bu məqsədlə Hollandiyadan gətirilmiş ekoloji cəhətdən zərərsiz şüşə materialları əsasında quraşdırılacaq yeni istixananın tikintisinə hazırlıq işləri aparılır.
M.Mirbabalı daha sonra bidirib ki, İtaliya avadanlığı ilə təchiz edilmiş soyuducu anbar kompleksi Masallı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların yetişdirdiyi meyvə-tərəvəz məhsullarının uzun müddət itkisiz saxlanmasına və digər mövsümlərdə daxili bazarın tələbatının təmin olunmasına imkan yaradacaqdır
Hazırda müəssisədə becərilən 2 hektar pomidor sahəsində məhsul yığımına hazırlıq gedir. M.Mirbabalının sözlərinə görə, "Masera" MMC-nin işçiləri çalışırlar ki, Novruz bayramında alıcılar müəssisənin yetişdirdiyi keyfiyyətli pomidorlardan istifadə edə bilsinlər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB