Yeni Memorandum imzalanıb

Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının Federal Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və vahid kadastrının aparılması sahələrində beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Digər Avropa ölkələri ilə yanaşı, Almaniyanın özəlləşdirmə və dövlət əmlakının idarə edilməsi sahəsində əldə etdiyi zəngin təcrübə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması üçün əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2012-ci il tarixli Sərəncamına uyğun olaraq, Almaniyanın Berlin şəhərində Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının Federal Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumu Azərbaycan Respublikası adından Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Almaniya Federativ Respublikası adından isə Federal Maliyyə Nazirliyinin Federal Əmlakın İdarə Olunması və Özəlləşdirilməsi Qurumunun baş direktoru Bruno Kahl imzalayıblar.

Anlaşma Memorandumunda dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi ilə bağlı qanunvericilik sahəsində qarşılıqlı yardım, təcrübə və məlumat mübadiləsi, qarşılıqlı səfərlərin təşkili, məsləhət xidmətlərinin göstərilməsi, investorların özəlləşdirmə prosesinə cəlb edilməsi, habelə tərəflər üçün qarşılıqlı maraq kəsb edən digər məsələlər əməkdaşlıq istiqamətləri kimi müəyyən edilib.
İmzalanma mərasimindən sonra Anlaşma Memorandumu ilə nəzərdə tutulan əməkdaşlıq əlaqələrinin həyata keçirilməsinə dair müzakirələr aparılıb.

Danışıqlar zamanı komitə sədri K.Həsənov Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində qazanılmış nailiyyətlərdən, həyata keçirilən iqtisadi islahatlardan söhbət açıb. Dünyada gedən qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatının yüksək templərlə inkişafı barədə məlumat verib.

Sonda tərəflər Anlaşma Memorandumu ilə nəzərdə tutulmuş əməkdaşlıq əlaqələrinin gələcəkdə inkişaf etdiriləcəyi və möhkəmləndiriləcəyinə əminliklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə