İlk peykimizin markası FOTO

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması münasibətilə poçt markasını dövriyyəyə buraxıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, nominal dəyəri 1 manat təşkil edən marka 20 min suvenir səhifə tirajla işıq üzü görüb. Suvenir səhifənin üzərində ulduzlu səma fonunda Yer kürəsinə yayım siqnalı ötürən peyk, Azərkosmos ASC-nin loqosu və yeni binası, habelə "Azərbaycanın ilk telekommunikasiya peyki" yazısı təsvir olunub.

Azərbaycanın ilk telekommunikasiya peyki Azerspace-1 fevralın 8-də Bakı vaxtı ilə saat 1:36 radələrində Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodromundan Fransanın Arianespace şirkətinin Ariane 5 raket daşıyıcısı vasitəsilə qaldırılıb və uğurla geostasionar orbitə çıxarılıb.

Təyin olunan vaxtda – startdan 34 dəqiqə sonra kosmik aparat raketin gövdəsindən ayrılıb. Çəkisi təxminən 3 200 kiloqram təşkil edən Azerspace-1 peyki 46° Şərq uzunluq dairəsində geostasionar orbitdə yerini tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə