Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, rayon mədəniyyət evinin foyesində rayonda aparılan tikinti-quruculuq işlərini əks etdirən fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar. SİA-nın Cənub büronun verdiyi məlumata görə, rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş "2012: Lerikin tarixə qovuşan uğurlar ili" adlı film nümayiş etdirilib.
Sonra Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun 2012-ci ildə Lerik rayonunda görülmüş işlər və 2013-cü ildə qarşıda duran vəzifələrə dair məruzəsi dinlənilib. Bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində yola saldığımız 2012-ci ildə də mühüm nailiyyətlər əldə edilib. İqtisadi və siyasi uğurlarımızla yanaşı, idman, təhsil, səhiyyə, sosial və mədəni sahələrində qazanılan uğurlar Azərbaycanın Beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsinə səbəb olub.
Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş yanvarın 15-də keçirilən iclasında bütün bunlar və ölkəmizin digər sahələrdə əldə etdiyi uğurlar, qarşıda duran vəzifələr barədə geniş müzakirələr aparılıb, ölkə başçısı tərəfindən bütün sahələr ətraflı təhlil edilərək tapşırıqlar verilib.
2012-ci ildə 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə rayonda ümumi məhsul buraxılışının həcmi 2011-ci ilə nisbətən 12,2 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,2 faiz, pullu xidmət 2,2 faiz və təmir-tikinti işləri 74,1 faiz, sənaye məhsulunun ümumi həcmi 56 faiz artıb. Rayon üzrə əhalinin orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artaraq 274,6 manata, əhalinin gəlirləri 0,4 faiz artaraq 64 milyon 896 min manata çatıb.
II Dövlət Proqramının icrasına uyğun olaraq keçən vaxt ərzində rayonumuzda 3181, o cümlədən cari ildə 1226 yeni iş yeri, ümumilikdə isə 2004-2012-ci illər ərzində 7927 yeni iş yeri açılıb. Açılmış iş yerlərinin 40 faizdən yuxarısı daimi iş yerləridir.
Lerik şəhəri və digər 12 yaşayış məntəqəmiz mavi yanacaqla təmin edilib. Hal-hazırda rayonun 20-dən yuxarı kəndinə qaz xətləri çəkilir. İlin axırınadək ümumilikdə 40-dan yuxarı kəndin qazlaşdırılması üçün əlaqədar qurumlarla iş aparılır.
Şəhərin yenidən qurulması və abadlaşdırılması ilə bağlı 2012-ci ildə də işlər davam etdirilib. C.Cabbarlı, A.Əsədullayev, Nizami, İ.Yaqubov, E.Qarayev, şəhərin giriş və çıxış hissələrində istinad divarları bərpa olunub, divarlar çay daşı, ağlay üzlük daşları və mərmərlə üzlənmiş, səkilərə ağlay və tamet plitəsi döşənib. Şəhərin küçə və yollarına asfalt örtüyü salınıb, yeni müasir işıqlanma sistemləri qurulub.
Hesabat ilində Milli Məclisin deputatı İqbal Məmmədovun iştirakı ilə Züvüç, Davradibi, Daster və Aran kəndlərində, rayon ziyalılarının iştirakı ilə Ləkər, Barzavu və Veri kəndlərində yeni inşa edilmiş məktəb binalarının açılış mərasimləri keçirilib. Hazırda Nücü, Molalan, Livədirqə, Bibiyani, Durğan, Nüvədi, Zəriküməco, Kələxan kəndlərində məktəb binalarının tikintisində işlər davam etdirilir. 2013-cü il üçün Boykəndil, Əvilə, Mistan, Pirasora, Anbu və Vizəzəmin məktəblərinin tikintisi, Nuravud və Mastayıl məktəblərinin əsaslı təmiri üçün texniki işlər həyata keçirilir.
Ötən il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun tikintisi üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılmış, yolun 8,6 km-i asfaltlaşdırılıb. Bu dövlət rəhbərinin rayonumuza göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.
Məruzə ətrafında rayon maliyyə idarəsinin rəisi Elman Abbasov, gənclər və idman idarəsinin rəisi Rövşən Rüstəmov, təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, Çayrud bələdiyyəsinin sədri Dadaş Əlirzayev və mərkəzi xəstəxananın baş həkimi Mübariz Ağayev çıxış edərək, 2012-ci ildə rayonda ayrı-ayrı sahələrdə görülən işlərdən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Tədbirdə Milli Məclisin deputatı İqbal Məmmədov 2011-2012-ci tədris ilində 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olunmuş tələbələrə hədiyyələr təqdim edib, əla qiymətlərlə oxuyan tələbələr üçün 1-ci kursun sonunadək təqaüd verəcəyini bildirib. Rayon icra hakimiyyəti başçısı 2012-ci il "İdman ili"ndə fərqlənən idmançılara fəxri fərman və hədiyyələr təqdim edib. Ötən il 500-dən çox bal topalayaraq ali məktəblərə qəbul olunmuş tələbələrə yanvar ayının 1-dən dərs ilinin sonunadək təqaüd verilməsi haqqında qərar qəbul edildiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı İqbal Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən tikinti-quruculuq işləri haqqında geniş məlumat vermiş, qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini veribər. Hesabat yığıncağında Milli Məclisin deputatı İqbal Məmmədov da iştirak edib.
Sonda yığıncağ iştirakçıları və rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB