RİTN ilin yekunlarını açıqladı

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2012-ci ilin yekunları haqqında kollegiya iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda çıxış edən nazir Əli Abbasov bildirib ki, hesabat dövrünün yekunlarına görə ölkənin ÜDM-si 2,2 %, qeyri-neft iqtisadiyyatı isə 9,7 % artıb ki, bu da ən yüksək nəticədir.

Nazirin sözlərinə görə, 2012-ci il ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,3 % artaraq 1503,4 milyon manat təşkil edib: "Ötən illə müqayisədə artım tempi İKT sektorunda 16,6%, o cümlədən telekommunikasiya sektorunda 17,4%, İT sektorunda 8,6%, eyni zamanda, poçt sektorunda 18,2%, informasiya sektorunda isə 50,1% təşkil edib. Keçən il ərzində ölkə üzrə ÜDM-nin həcmi 54 milyard manat, ötən illə müqayisədə real artım tempi isə 2,2% təşkil edib".

"İKT-nin gələcək inkişafı, şirkətlərimizin xarici bazarlara çıxışı, bu sahədə ixrac potensialının gücləndirilməsi və Azərbaycanın regional İKT mərkəzinə çevrilməsi üçün stimullaşdırıcı tədbirlər üzrə təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub",- deyə Əli Abbasov əlavə edib.

Qurum rəhbəri onu da vurğulayıb ki, Prezidentin ötən il dekabrın 29-da imzaladığı Fərmanla "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən, bu ildən ölkəmizdə yeni bir inkişaf dövrü başlayır və konsepsiyanın hədəflərinə çatmaq üçün İKT sahəsinin üzərinə yeni və məsuliyyətli vəzifələr qoyulub: "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsasən hədəfimiz İKT-nin illik artımını təxminən 18-20 faiz ətrafında saxlamaqla, qarşıdakı 8 ildə sektorun gəlirlərini 8-9 milyard ABŞ dollarına çatdırmaqdır. Buna əsasən, rəqabət mühitinin yaxşılaşdırılması, sektora olunan fiskal və monetar güzəştlər, ixrac potensialının artırılmasına yönəlmiş siyasət, regional İKT resurslarının, yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, güclü insan kapitalına əsaslanan innovativ sahibkarlığın inkişafı hesabına nail olunması planlaşdırılıb".

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2012-ci ilin yekunları haqqında kollegiya iclasında Aparat rəhbəri Vidadi Zeynalovun məruzəsi də dinlənilib. Onun sözlərinə görə, RİTN üzrə 2012-ci il ərzində 101 yeni iş yeri açılıb. 01.01.2013-cü il tarixə RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqqı 330.0 manat təşkil edib ki, bu da ötən illə müqayisədə 9.9 % çoxdur. Ölkənin informasiya və rabitə sektoru üzrə orta aylıq əməkhaqqı ilin əvvəli ilə müqayisədə 9.5% artırılaraq 620,7 manata çatdırılıb. O cümlədən telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 699.7 manat, poçt sektorunda isə 211,5 manat təşkil edir.

Yüksək məlumat ötürmə qabiliyyətinə malik fiber-optik kabellər çəkilməsi istiqamətində görülən işlər nəticəsində "Aztelekom" İB tərəfindən cəmi 2100 km (o cümlədən özəl şirkətlər tərəfindən 530 km), BTRİB tərəfindən 123.3 km, BTRİB-in kabel-kanalizasiya qurğularından istifadə etməklə digər təşkilatlar tərəfindən 266.3 km, fiber-optik kabellər çəkilib.

Hesabat dövrü ərzində vətəndaşların müraciətlərinin daha da operativ həll olunması məqsədilə yaradılan "qaynar xətt"ə 4729 ədəd ( o cümlədən 227-i elektron formada) müraciət daxil olub. Bundan sorğu xarakterli 1349 müraciət üzrə müvafiq cavablandırma və zəruri olan izahatlar verilib, qalan şikayət xarakterli 3380 müraciətdən ( o cümlədən 1525-i telefonun işləməməsi, 1349-u internetlə, 156-ı poçtla, 112-i telefon çəkilişi və s. ilə bağlı) 3243-ü müsbət həll olunub.

Tədbir çərçivəsində Nazirliyin müxtəlif departament və şöbə rəhbərləri məruzələrlə çıxış edib, 2012-ci ildə görülən işlər barədə ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə